AXCP-Müsavat savaşı – “Azadlıq”-“Basta.info” çərçivəsində QARŞIDURMA
Bir müddətdir AXCP və Müsavat partiyaları arasında səngimiş qarşıdurmalar yenidən qızışmağa başlayıb. Belə ki, bu dəfə müsavatçıları hədəfə alan Əli Kərimlinin müavini Gözəl Bayramlı olub. Onun Müsavat başqanı Arif Hacılının qardaşı, partiya məclisinin üzvü Mustafa Hacıbəylinin nəzarətində olan "basta.info" saytını hədəfə almasının isə səbəbləri ortaya çıxıb. Daha dəqiq desək, bir müddət öncə, sabiq cəbhəçi Çingiz Tağızadənin Gözəl Bayramlını "ölümlə" təhdid etməsi sonda birincinin 12 sutkalıq həbs cəzası alması ilə nəticələnib. Məhz bu şəxsin mövqeyi daha sonradan müsavatçıların saytında dərc eidlib. Bu isə AXCP sədrinin müavininin xoşuna gəlməyib və social şəbəkədəki səhifəsi vasitəsilə hiddətini bildirib.
Gözəl Bayramlıdan müsavatçılara ittiham: "Siz nəyin əsasında bu adamın dediklərini həqiqət kimi qəbul edirsiniz?"
"Etiraf edim ki, bütün olub bitənlərə baxmayaraq Müsavat partiyasından bu qədərini gözləmirdim"-deyə qəzəblənən cəbhəçi onu "ölümlə" təhdid edən şəxsin mövqeyinin sonradan müüsavatçıların media qurumunda dərc edilməsində əsas günahkar kimi Arif Hacılını və Mustafa Hacıbəylini gördüyünü deyib və əlbəttə ki, bu, onun qarşı tərəfə ittihamlar yağdırmasına, köhnə ittihamlardan biri sayılan "hakimiyyətə işləyirsən" ifadəsini işlətməyə kifayət qədər imkan yaradıb. Məsələn, Bayramlı qeyd edib ki, Müsavatın mətbuat orqanı, partiya başqanının qardaşının rəhbərlik etdiyi "basta.info" saytı və partiya funksionerləri bu vasitə ilə guya hakimiyyətə "yarınmağa" cəhd ediblər.
"Təəssüf doğuran odur ki, bu gün Müsavat partiyasının mətbuat orqanı və funksionerləri sanki xüsusi təlimat almış kimi kampaniya başladıblar ki, məni telefonla hədələyən şəxs hansısa anlaşılmazlığın qurbanı olub. Hadisədən 1 ay keçəndən sonra adamın adından ciddi bir publisistik yazı da hazırlayıblar. Özünü aydan – arı, sudan duru adam kimi təqdim edir. Müsavat funksionerləri də bu adamın yazdıqlarını (bəlkə də onun adından kimlərinsə yazdığını) 100%-lik həqiqət kimi təqdim edib, məni borclu çıxarmaqdan da çəkinmirlər. Siz nəyin əsasında bu adamın dediklərini həqiqət kimi qəbul edirsiniz?"- deyə Gözəl Bayramlı müsavatçılara qarşı suallar yağdırmağa başlayıb.
Bayramlıdan daha bir ittiham: "Utanmayın, onu da yaza bilərsiz ki, adamların əli dolaşıb, səhvən mənim şəklimi yükləyiblər profillərinə, sonra da barmaqları dolaşıb, mənim başımın kəsiləcəyini təsadüfən yazıblar…"
O, əlavə olaraq, onu təhdid edən adamın müsavatçılar tərəfindən müdafiə olunduğunu da iddia edib: "Tutaq ki, telefon zəngi bir səhvin nəticəsi olub, bəs ondan əvvəl "bandotdeldə" hədələnməyim, bəlkə Müsavat funksionerləri bunun da bir texniki xəta olduğunu sübut etməyə girişsinlər? Bəs yaradılmış saxta vəhabi profilindən mənim başımı kəsməklə hədələnməmi necə izah edəcək Müsavat funksionerləri? Utanmayın, onu da yaza bilərsiz ki, adamların əli dolaşıb, səhvən mənim şəklimi yükləyiblər profillərinə, sonra da barmaqları dolaşıb, mənim başımın kəsiləcəyini təsadüfən yazıblar…"
Mustafa Hacıbəyli yalnız bunu dedi: "Gözəl Bayramlı, işinin olmadığına görə gündəmə bu cür mövzular gətirir"
Beləliklə, siyasi prizmadan heç nə əldə edə bilməyən cəbhəçilərlə müsavatçılar bu dəfə şəxsi münasibətləri istiqamətində qarşı-qarşıya gəliblər və bunun nəticəsi növbəti partiyalararası savaşa doğru gedir. Xüsusilə, bu amil – yəni Gözəl Bayramlının son zamanlar susqun davranmadan sonra bu dəfə bütün gücünü toplayıb Arif Hacılının və onun partiyadaxili klanının üzərinə yürüməsi ilginc görünür.
Maraqlı məqamlardan biri də Bayramlının ittihamlarından sonra müsavatçıların cavab verməməsidir. Belə ki, agentlik olaraq biz də bu barədə ən azından Mustafa Hacıbəylinin mövqeyini öyrənməyə çalışdır. Lakin o, bu barədə danışmaq istəmədiyini deyərək, sadəcə Gözəl Bayramlının işinin olmadığına görə gündəmə bu cür mövzular gətirdiyini dedi.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB