Azərbaycan vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran xaricdə yaşayan azərbaycanlı dövlət rüsumu ödəyəcək. SİA-nın xəbərinə görə, bu məsələ bu gün keçirilən plenar iclasında müzakirə olunan "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanununda dəyişiklik layihəsində öz əksini tapıb.
Sözügedən qanunun 5.3-cü maddəsinə təklif olunan dəyişiklikdə bildirilir ki, "Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran, xaricdə yaşayan azərbaycanlı müvafiq dövlət rüsumunu ödəməkdən azad edilir" cümləsində "müvafiq dövlət rüsumu ödəməkdən azad edilir" sözləri "tərəfindən dövlət rüsumunun ödənilməsi məsələsi "Dövlət rüsumu haqqında" qanunla tənzimlənir" sözləri ilə əvəz edilir.
Beləliklə, xaricdə yaşayan azərbaycanlı Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün müraciət edən zaman ondan bununla bağlı qanuna müvafiq olaraq rüsum tələb olunacaq.
Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq qəbul olunub.
Xatırladaq ki, indiyədək Azərbaycan vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran xaricdə yaşayan azərbaycanlı dövlət rüsumu ödəmirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB