Mixail Qusman: "Azərbaycanda media açıq və azad şəkildə fəaliyyət göstərir"

Mixail Qusman: "Azərbaycanda media açıq və azad şəkildə fəaliyyət göstərir"

"Son illər Azərbaycan irimiqyaslı ictimai, siyasi, mədəni tədbirlərin keçirildiyi bir mərkəzə çevrilib". SİA-nın məlumatına görə, bunu bugün Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresində iştirakı zamanı jurnalistlərə açıqlamasında deyib.


Onun sözlərinə görə, bütün dünya agentliklərinin rəhbərləri, dünya informasiya axınına cavabdeh olan, informasiyanın məsuliyyətini daşıyan insanlar Dünya Xəbər Agentliklərinin V Konqresində iştirak etmək üçün Bakıda bir araya gəlib: "Konqresin Bakıda keçirilməsi faktı bütün peşəkar dünya informasiya birliyinin azərbaycanlı həmkarlarına, o cümlədən AZƏRTAC-a inamının sübutudur. AZƏRTAC irimiqyaslı informasiya birliklərinin – Avropa Xəbər Agentlikləri Alyansının (EANA), Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) çox fəal üzvüdür. Dünya Xəbər Agentliklərinin bundan əvvəlki konqresləri Rusiya, İspaniya, Argentina və Səudiyyə Ərəbistanında keçirilib. Azərbaycana inamın nəticəsidir ki, növbəti Konqresin harada keçiriləcəyi müəyyənləşdirilərkən Ər-Riyad toplantısında gizli səsvermədə çoxluq tədbirin məhz Bakıda təşkil olunmasını dəstəklədi. Bu, Azərbaycana böyük inamın təsdiqi idi".


TASS-ın baş direktorunun birinci müavini bildirdi ki, Azərbaycanda media açıq və azad şəkildə fəaliyyət göstərir: "AZƏRTAC Azərbaycan mediasının flaqmanıdır. Düşünürəm ki, Konqresin Bakıda keçirilməsi digər vacib tədbirlər arasında çox parlaq bir hadisə olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə