Prezident Xəbər Agentlikləri Konqresinin açılışında iştirak edib YENİLƏNİR

Prezident Xəbər Agentlikləri Konqresinin açılışında iştirak edib YENİLƏNİR

Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclası keçirilir. SİA-nın xəbərinə görə, Dünya Xəbər Agentlikləri Konqresinin və OANA-nın Baş Assambleyasının birgə açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak edir.

Dövlətimizin başçısı açılış mərasimində nitq söyləyib.

"Belə mühüm, qlobal miqyaslı tədbiri keçirməkdən qürur duyuruq", - deyən Azərbaycan Prezidenti bildirib ki, tədbir iştirakçıları həm də ölkəmizi tanımaq imkanı əldə ediblər. Bu tədbiri media tərəfindən ölkəmizin nailiyyətlərinə verilən qiymət kimi qəbul edirik. Müstəqilliyimizin 25 ili göstərir ki, biz ölkədə mətbuat azadlığını, bir çox azadlıqları təmin etmişik.

Prezident qeyd edib ki, Azərbaycanda ilk demokratik respublika 98 il əvvəl qurulub. İlk demokratik respublika iki il yaşasa da, demokratik ənənələrin əsasını qoyub. O vaxt qadınlara seçib-seçilmək hüququ verilmişdi, o vaxt hələ bir çox Avropa ölkəsində belə hüquq yox idi. Bu gün isə Azərbaycan beynəlxalq arenada yüksək nüfuza malik ölkədir. Azərbaycan bir neçə il əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Beynəlxalq birliyin əksər üzvü Azərbaycanı dəstəklədi. Bu, fəaliyyətimizə, məsuliyyətli, etibarlı tərəfdaş olmağımıza verilən dəstək idi. Azərbaycan müstəqil xarici siyasət yürüdən dövlətdir və bu siyasət milli maraqlara söykənir, heç kəsə qarşı yönəlməyib. Azərbaycanın gələcəyi öz əlindədir.

Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan az ölkələrdəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. 2008-ci ildə Avropa və İslam ölkələrinin mədəniyyət nazirlərinin toplantısını keçirdik. Bu, tarixi nailiyyət idi. Sonra bu, "Bakı Prosesi" adını aldı. Xalqımızın multikulturalizm ənənələri müxtəlif dinlər, xalqlar arasında sağlam münasibətlərin qurulması baxımından parlaq nümunədir.

Qeyd edək ki, Heydər Əliyev Fondu və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə keçirilən tədbirlərə dünyanın informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 100-dən çox xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT və UNESCO-nun vəzifəli şəxsləri, həmçinin regional media qurumlarının nümayəndələri dəvət olunublar.

Devizi "Xəbər agentlikləri üçün yeni çağırışlar" olan Konqresin sessiyalarında "Xəbər istehlakının gələcəyi", "Xəbər agentlikləri – yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları", "Xəbər agentliklərinin innovasiyası", "Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi", "Jurnalistlərin missiyasının qorunması: azadlıq, çıxış imkanı, təhlükəsizlik və münaqişə zonaları" kimi aktual mövzularda diskussiyalar aparılacaq, yeni minillikdə sürətli transformasiyaya məruz qalan jurnalistikanın problemləri, xəbər agentlikləri ilə sosial medianın müxtəlif platformaları arasında əməkdaşlıq formaları müzakirə ediləcək.

Sessiyalarda beynəlxalq media qurumlarının – Dünya Konqresinin, OANA-nın, EANA-nın, FANA-nın prezidentləri, Associated Press, Reuters, Sinxua, Anadolu, TASS, France Press, Press Association, EFE, Yonhap, Kyoda, TT, SPA, BTA, AAP, İRNA, DPA, Notimex, ATPE və digər nüfuzlu informasiya agentliklərinin, "Los-Angeles Times" qəzetinin, "Al Arabia" televiziyasının rəhbərləri, "Tripod Advisors", "News Corp", "PwC", "Axel Springer", "Stibo Accelerator" aparıcı media şirkətlərinin mütəxəssisləri məruzələrlə çıxış edəcəklər.

Tədbir çərçivəsində bir sıra müqavilələr imzalanacaq, Konqresin rəhbər orqanları seçiləcək, Bəyannaməsi qəbul olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə