Binəqədidəki yanğında əlavə şahidlərin ifadələri dinlənilib

Binəqədidəki yanğında əlavə şahidlərin ifadələri dinlənilib

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

SİA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Miryusif Mahmudovun vəkili əlavə şahidlərin dindirilməsi ilə bağlı vəsatət qaldırıb. Vəkil bildirib ki, hazırda 5 nəfər şahid məhkəmə prosesində ifadə vermək üçün gözləyir.

Daha sonra məhkəmə zalında fasilə elan olunub. Fasilədən sonra məhkəmə əlavə şahidlərin dindirilməsi məsələsini müzakirə edib.

Prokuror Fərid Nağıyev vəsatətin təmin olunmamasını istəyib. F. Nağıyev deyib ki, əlavə şahidlərin ifadələrinə zərurət yoxdur, çünki lazım olan şahidlər istintaqda və məhkəmədə ifadə verib.

Sonra məhkəmə müşavirəyə çıxıb. Müşavirədən sonra məhkəmə vəsatəti qismən təmin edib.

Əvvəlcə "Global Construction" MMC-nin baş mühəndisi Mənsur Hüseynov ifadə verib. O deyib ki, 2013-cü ildən sözügedən şirkətdə çalışır: "Yanan bina ilə bağlı görülən işlərə şirkətin inşaat məsələləri üzrə müdiri Toğrul Məmmədov rəhbərlik edib. Poliuretan üzlüklər "Qlobal Stone" şirkətindən gətirilirdi. Orda üzlükləri qəlibləşdirirdilər. Təmir işlərinə ixtisaslı mühəndislər nəzarət edirdi".

Sonra zərərçəkmiş, yanan binaya bitişik yarımtikilinin birinci mərtəbəsində yerləşən Notariat kontorun rəhbəri İlqar Məmmədov məhkəmə zalında ifadəsini səsləndirib. O, ibtidai istintaqa verdiyi ifadəni təsdiq edərək deyib ki, mayın 19-da səhər saatlarında binanın tüstüləndiyinin şahidi olub.

Şahid qismində dindirilmiş "Qlobal Konstrakşn" MMC-də layihə rəhbəri vəzifəsində işləyən Əliyev Zahir Bahəddin oğlu ifadəsində göstərib ki, "Qlobal Konstrakşn" MMC-də mühəndis ixtisası üzrə işçi axtarıldığını eşidib müraciət edib. 2008-ci ilin iyun ayında həmin MMC-də tikinti üzrə rəhbər Hikmət İsbatovun vasitəsilə baş direktor İlqar Vəliyevlə görüşüb. İ. Vəliyev onun təhsili və fəaliyyəti ilə tanış olduqdan sonra üç ay sınaq müddətinə 300 manat aylıq maaşa onu MMC-yə sahə mühəndisi kimi işə qəbul edib və bununla bağlı əmək müqaviləsi bağlanıb.

Z. Əliyev daha sonra ifadəsində fasadın üzlənməsi işlərinin 2012-ci ilin təxminən iyun ayında başlanmaqla 2013-cü ilin axırlarına kimi davam etdirildiyini, aparılmış işlərin qəbul aktının tərtib edilib-edilməməsi barədə məlumatı olmadığını, üzlük vurulmasında iştirak edən şəxslərlə əmək müqaviləsi bağlanılması barədə dəqiq məlumatı olmadığını göstərib.

Daha sonra digər əlavə şahidlər İlqar Cəfərov, Amid Oqtayev, Samir Hacızadə ifadələrində "Global Constuction" MMC-də işlədiklərini və binaların üzlənməsində poliuretan məhsullarının standartlara uyğun vurulduğunu iddia ediblər.

Qeyd edək ki, ötən il mayın 19-da raytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan "roliuretan" məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Üusif Mahmudov, "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın roliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Eridemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə