"Növbəti ildə ərazi bütövlüyümüzün təmin olma ehtimalı 70-80 faizdir"
"Ermənistan 20 ildən sonra ayılıb ki, Dağlıq Qarabağ sözünü erməniləşdirə bilməyib. Azərbaycanın son illər yürütdüyü xarici siyasət onları çətin vəziyyətə saldığından işğalçı ölkə düşünür ki, işğal olunmuş ərazilərimizdə yaradılan qondarma rejimin adının "konstitusiya dəyişiklikləri" deyilən qurama proses çərçivəsində dəyişdirilərək "Artsax respublikası"adlandırılması ilə nəyəsə nail ola biləcək". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
"Artsax" adı ilə bağlı Azərbaycan tarixində kifayət qədər araşdırma aparıldığını deyən politoloq söyləyib ki, ərsak ər kişiləri deməkdir və türk tayfasıdır: "Bundan əlavə Litvada türkoloq araşdırma aparıb və dəqiq mənbələrə əsasən sübut olunub ki, həm litvalılar, həm də ruslar birmənalı şəkildə türkmənşəlidirlər. Araşdırmalara əsasən məlum olub ki, ermənilər adlarını mənimsəyiblər, onların əsil adı axaydır. Buna görə də ermənilər işğal olunmuş ərazilərin adını dəyişdirməklə guya məsələni qanuni yolla həll etməyə çalışırlar. Donald Trampın proqramına əsasən ABŞ tərəfindən ölkələrə edilən maliyyə yardım birmənalı şəkildə kəsiləcək. Bu da o deməkdir ki, 25 ildir ABŞ-ın büdcəsindən qondarma "Dağlıq Qarabağ" Respublikasına vəsait ayrılmayacaq. Maliyyə kəsildikdə və ABŞ-da lobbiçiliyin qarşısı alındıqda Ermənistanın Dağlıq Qarabağı necə saxlayacağı məsələsi ortaya çıxır ki, bunu düşmən ölkə də çox yaxşı başa düşür".
C. Nuriyev bildirib ki, hazırda Ermənistan daxilində çox ciddi problemlər var: "Düşmən ölkə iqtisadi, siyasi, mənəvi cəhətdən iflas ərəfəsindədir. Bu baxımdan da Sarkisyan hakimiyyəti bu cür məsələləri ortaya ataraq diqqəti dəyişməyə çalışır. Son zamanlar Azərbaycanın yürütdüyü ağıllı siyasət nəticəsində ermənilərin həm Bakıda, həm də digər yerlərdə Azərbaycanın tərkib hissəsində yaşamaq istəmələri və bununla əlaqədar ölkəmizə gəlib öz fikirlərini bildirmələri Ermənistan hakimiyyətinin çökməsini göstərir. Ümumiyyətlə, Ermənistanda baş verən proseslər, dünyada yaranan yeni düzən, ölkəmizin həyata keçirdiyi uğurlu xarici siyasət, ordumuzun hərbi gücü, Azərbaycan prezidentinin iradəsi, xalq-hakimiyyət birliyi ərazi bütövlüyümüzün bərpasının tezliklə reallaşacağını göstərir. Növbəti ildə Azərbaycanın ərazi bütövlüyünün təmin olma ehtimalı 70-80 faizdir. Təbii ki, ölkəmiz müharibə yolu ilə buna daha tez nail ola bilər. Ordumuz 1 həftəyə Xankəndini işğaldan azad edə bilər. Bu baxımdan ölkəmizi aprel döyüşlərinə məcbur etməsinlər".
Son zamanlar Rusiyanın münaqişənin həllinə olan münasibətinə gəldikdə C. Nuriyev əlavə edib ki, Rusiya bu məsələyə münasibətində Cənubi Qafqazın açarı olan Azərbaycanı seçib və seçəcək: "Yaxın zamanlarda Rusiyanın xarici siyasətindən Dağlıq Qarabağ, eləcə də donmuş münaqişələrin həlli ilə bağlı müsbət irəliləyiş gözləyirəm. Rusiyanın özü də iqtisadi cəhətdən çətin vəziyyətdədir və Ermənistanı təmin etmək məsələsində çətinliklərlə üzləşir. Bundan əlavə, indiki şəraitdə Rusiyada Azərbaycana qarşı meylin artdığını, müsbət irəliləyişləri görmək mümkündür. Bütün bunlar münaqişənin tezzliklə həllinə gətirib çıxaran məsələlərdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB