“Müdafiə tərəfinin konkret bir versiyası yoxdur”

Binəqədidəki yanğınla bağlı məhkəmə prosesi davam edib
“Müdafiə tərəfinin konkret bir versiyası yoxdur”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi fasiləndən sonra davam etdirilib.SİA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə əvvəlcə söz şahid qismində "Qlobal Stone" MMC-nin işçisi Rizvan Mehdiyevə verilib. O ifadəsində bildirib ki, təsisçilər şirkətin idarə edilməsində iştirak etməyib: "Yanğın baş verən gün işdə deyildim. İstehsal olunan poliuretan məhsullarının sınaqdan keçirilməsi prosesində dəfələrlə iştirak etmişəm. Burada materialın tez yanan maddə olmamasının şahidi olduq. Bizim əsasən işimiz poliuretan məhsullarını qəlibləşdirməkdən ibarət idi".

Təqsirləndirilən Miryusif Mahmudov deyib ki, istehsal olunan materialın keyfiyyətli olması barədə bütün qurumların rəyi olub.

Daha sonra vəkillər əlavə zərərçəkmişlər - Aytən Rəsulova, İlqar Məmmədov, Ülvi Hüseynovun prosesə çağırılaraq dindirilməsini istəyiblər.

Sonra hakim hazırda ölkə xaricində olan zərərçəkmişlərin faksla ona göndərdiyi teleqramanı proses iştirakçılarının diqqətinə çatdırıb. Hakim deyib ki, zərərçəkmişlər təqsirləndirilən şəxslərdən şikayətçi deyillər.

Daha sonra kakim Əfqan Hacıyev bəzi şahidlərin məhkəməyə məcburi gətirilməsi haqqında qərar çıxarıb.

Məhkəmə zamanı vəkillər həmin yanğın baş verən ərazidə zibil topalarının olduğunu əsas gətiriblər və bununla bağlı hakimdən vəsatət təmin edilməsini istəyiblər.

72 saylı Mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucovun vəkili Vasif Həsənov təqsirləndirilən M. Mahmudovun vəkillərinə etiraz edib və vəsatətin təmin edilməməsini istəyib: "Bu vəkillər əvvəlcə deyirdilər ki, bina partladılıb, sonra dedilər ki, binanı yandırıblar. Sonra isə zibildən yandığını açıqladırlar. Yəni, müdafiə tərəfinin konkret bir versiyası yoxdur".

Vasif Həsənovun çıxışı M. Mahmudovun vəkillərinin etirazına səbəb olub, prosesdə mübahisə düşüb.

Sonra vəsatət baxılmamış saxlanılıb və məhkəmənin növbəti prosesi noyabrın 10-u saat 10:30-a keçirilib.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan "poliuretan" məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Yusif Mahmudov, "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə