Politoloq: “Bu, Rusiyanın ziyanına ola bilər” AÇIQLAMA

Politoloq: “Bu, Rusiyanın ziyanına ola bilər” AÇIQLAMA

"Mosul əməliyyatı İranla Türkiyə arasında uzun müddət davam edəcək gərginliyin bünövrəsini qoya bilər. İranla Türkiyə son aylarda demək olar ki, normal münasibətlər qura bilmişdi". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, hətta Rusiyanın Suriya və İraq siyasəti fonunda bu iki ölkə az qala müttəfiqə çevrilmişdi: "İraqın baş naziri əl-Əbadi Mosul əməliyyatına hazırlıq dövründə Türkiyədən öz qoşunlarını İraq ərazisindən çıxarmağı tələb etdi. Türkiyə isə qoşunlarını İraq ərazisinə İraq parlamentinin qərarı əsasında göndərdiyini bildirdi. ABŞ-ın təhriki ilə Türkiyə silahlı qüvvələri Mosulun azad olunması əməliyyatına buraxılmadı. Bunu neytrallaşdırmaq məqsədi ilə xalq qüvvələrinin də bir qisminin iştirakına icazə verilmədi. Türkiyə bunu İranın İraq hökumətinə təzyiqinin nəticəsi kimi qəbul etdi.

Beləliklə, Mosulun azad olunması əməliyyatı başlanmazdan xeyli əvvəl İraqın daxilində Türkiyə ilə İran arasında nüfuz savaşının yeni mərhələsi başladı. Türkiyənin Səudiyyə Ərəbistanı daxil olmaqla 6 ərəb dövləti ilə azad ticarət zonası yaratmaq sazişi də məhz antiİran mahiyyətlidir. İraq ərəbləri şiə olmasına baxmayaraq ərəb etniki faktorunu əsas götürərək ərəb dövlətlərinə yaxınlaşmalı, şiə İrandan uzaqlaşmalıdır. Türkiyə bu məsələdə İraqa yardım edəcəkdir. Antiİran ərəblər Türkiyənin bu niyyətini dəstəklədilər. Amma sonradan bəlli oldu ki, R.T.Ərdoğan Mosulu Türkiyənin şəhəri hesab edir. İranın belə vəziyyətə dözməsi mümkün deyil. Eləcə də proseslərin yaxın vaxtda başa çatması da mümkün deyil.

Yaranmış xaos Rusiyanın xeyrinədir. Türkiyə kürdlərlə normal münasibət qurmaq imkanından məhrumdur. ABŞ-ın müttəfiqi olan kürdlər Rusiya ilə həvəslə münasibətlər qurmağa meylidirlər. Beləliklə, Rusiyanın kürdlərlə əlaqələrinin genişlənməsi Rusiyanın bu regionda gücünü daha da artıracaq, Türkiyəni Rusiyadan asılı vəziyyətə salacaq. Türkiyənin ABŞ-ı kürdlərdən uzaqlaşdırması da yaxın illərin prosesi deyil".

M.Əhmədoğlu əlavə edib ki, "Normand dördlüyü" tam formatda çoxdan fəaliyyətini dayandırıb: "Əsas səbəb Rusiya idi. RF-in fikrincə, Ukrayna "Minsk-2" prosesi çərçivəsində üzərinə düşən öhdəliyi yerinə yetirmir. Qərb Ukraynaya əsassız olaraq dəstək verir. Ukrayna prosesləri mütəmadi olaraq ABŞ-Rusiya müstəvisində müzakirə edilirdi. Eləcə də Fransa və Almaniyanın rəhbərləri də mütəmadi olaraq Rusiya diplomatları və rəhbərliyi ilə Ukrayna məsələsini müzakirə edirdilər. Normand formatının ən böyük yekunu Donbasa ATƏT-in silahlı polis qüvvəsinin yeridilməsinə razılığının alınmasıdır. Bu, Rusiyanın ziyanına ola bilər. Amma ATƏT-in MDB məkanında hansısa bir regiona xüsusilə Donbasa silahlı qüvvə yeritməsi Azərbaycan prizmasından təhlükə kimi dəyərləndirilməlidir. Çünki bu presedent ola bilər. Dağlıq Qarabağ münaqişəsi regionunda ATƏT-in monitorinq missiyasının yerləşdirilməsi mövzusu hal-hazırda ən aktual mövzulardan biridir. Hər halda Rusiyanın razılıq verməsinə baxmayaraq bu qərarın icrasına imkan verməyəcəyini daha çox ehtimal etmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə