Mübariz Əhmədoğlu: “Minsk qrupunun həmsədrləri bir çarə tapmalıdırlar”
"Azərbaycan prezidenti İlham Əliyevin "Sputnik" agentliyinə müsahibəsində Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin, həyat və fəaliyyətinin, özünüidarəçiliyinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi, keçmiş DQMV ətrafındakı ərazilərin azad edilməsi nəticəsində iki xalqın sülh şəraitində birgəyaşayışı yolu ilə məqbul kompromislər mümkündür deməsi indiki vəziyyətdə yerində olan bir bəyanatdır". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloqun sözlərinə görə, Prezidentin bu bəyanatı daha çox ATƏT-in Minsk qrupunu və Ermənistanı hərəkətə gətirmək üçün nəzərdə tutulmuş bəyanatdır: "Həmçinin bu, ATƏT-in Minsk qrupunun həmsədrlərinə təzyiq üçün nəzərdə tutulan bəyanatdır. Çünki kimlərki Dağlıq Qarabağ münaqişəsini həll etmək istəmir o adamlar, o qruplar, eləcə də Ermənistan və ATƏT-in Minsk qrupu hər zaman deyirdi ki, Azərbaycan Dağlıq Qarabağa nə verəcək. Azərbaycan tərəfi bildirirdi ki, Dağlıq Qarabağdakı əhalinin təhlükəsizliyi təmin olunacaq, inkişaf mexanizmləri işə düşəcək, o cümlədən Dağlıq Qarabağ münaqişəsi həll olunacaq və Ermənistanla da münasibətlər normallaşacaq. Yəni o adamlarki münaqişəni həll etmək istəmirdi və çalışırdılar ki, gunahı Azərbaycanın üzərinə atsınlar.
Amma Azərbaycan Prezidenti o adamlara, qruplara çox kəskin cavab verdi. Hazırda ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında da yayılıb və bəllidir ki, həmsədrlər çalışırlar ki, Prezident İlham Əliyevin bəyanatından yayınsınlar. Onların aləmində belədir ki, guya bu son söz deyil və müzakirə üçün atılmış bir ideyadır. Azərbaycan Prezidenti artıq ən ağrılı məsələ olan statusla bağlı rəsmi mövqeyi açıqladı. Buyursun Ermənistan prezidenti də siyasi iradə ortalığa qoysun və bu məsələni müzakirəyə qoysun. Ona görə də belə başa düşürəm ki, dövlət baçımızın bəyanatı daha çox həmsədrlərə, Ermənistana, o cümlədən beynəlxalq ictimaiyyətə təzyiq vasitəsidir. Artıq indidən bu təzyiq mexanizminin işə düşdüyünü görürük".
Mərkəz sədri əlavə edib ki, əgər Ermənistan susursa belə anlaşılır ki, Ermənistan dinc yolla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə hazır deyil: "Bu zaman ATƏT-in Minsk qrupunun həmsədrləri bir çarə tapmalıdırlar. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Bakıda olarkən bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan prezidenti ilə görüşməyə hazırdır. Amma görürsünüz ki, Uorlik Ermənistanda olarkən deyə bilmədi ki, Sarkisyan da Azərbaycan Prezidenti ilə görüşməyə hazırdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB