"Seçki kampaniyası ABŞ demokratiyasının mahiyyətini ortaya qoyur”

"Seçki kampaniyası ABŞ demokratiyasının mahiyyətini ortaya qoyur”

"Bu günə kimi ABŞ-ın Konstitusiyasında seçkilərlə bağlı yalnız ümumi prosedur normalar müəyyənləşib və federal qanunvericilik yoxdur. Buna görə də hər bir ştatda faktiki olaraq seçki prosesinin tənzimlənməsi bir cür həyata keçirilir". Bunu SİA-ya açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, ABŞ-da vətəndaşın birbaşa öz seçki hüququnu ifadə etmək imkanları da məhduddur: "Yəni 538 nəfərdən ibarət seçici kollegiyası prezidenti seçir. Seçicilər namizədə deyil, seçicilər kollegiyasının üzvünə səs verirlər və həmin kollegiya da onların əvəzinə prezidenti müəyyənləşdirir. Prinsip etibarilə bu seçki sisteminə demokratik seçki sistemi demək mümkün deyil. Kvotaların özü belə düzgün formada müəyyən edilməyib. Məsələn, Kaliforniya ştatında seçici kollegiyasının bir üzvü 682 min nəfəri təmsil edir, Rod Ayland ştatında isə 250 min nəfəri. Bu baxımdan vətəndaşların aktiv seçki hüquqları pozulur, eyni zamanda müstəqil namizədlərin seçkilərə qatılmasında da kifayət qədər problemlərin olması ortadadır. Bu baxımdan nəticə etibarilə seçki sisteminin özü demokratik deyil".

ABŞ-da prezidentliyə namizəd Donald Trampın açıqlamalarına toxunan E.Mirzəbəyli deyib ki, Tramp namizədlərin narkotiklə bağlı testdən keçməsini irəli sürdü, bu, faktiki olaraq rəqibinin narkotik istifadə etməsinin dolayısı ilə ifadə olunmasıdır: "Bundan başqa 2 milyondan çox vəfat etmiş şəxsin adının seçici siyahısına salınması ilə bağlı açıqlama verdi. Araşdırmalara görə bunun da ciddi əsasları var. Tramp ölkənin KİV-lərini korrupsiyada ittiham edir. Bura CNN və "New York Times" də daxildir. Klinton ABŞ-ın uranının 20 faizini Rusiyaya verdiyini bəyan edib, bu isə faktiki olaraq dövləti cinayətdə ittihamdır. Qara piar kampaniyasının ABŞ-da bu anda necə sürətlə vüsət alması, şəxsi həyatın gündəmə gəlməsi hər kəsin gözü önündədir. Nəticə etibarilə bu, Amerika tarixində ən qalmaqallı seçkilərdən biri hesab olunur. Eyni zamanda bu, Amerika demokratiyasının iç üzünü, mahiyyətini ortaya qoyur. İndiki prezident Barak Obamanın seçki prosesində konkret tərəfin mövqeyini ifadə etməsi, Klintonu açıq şəkildə müdafiəsi, təkcə onun seçki kampaniyasında iştirakı ilə bağlı deyil. Obamanın prezident kimi verdiyi açıqlamalarda namizədlərdən birini aşağılayıb, digərini müdafiə etməsi seçki pozuntusudur. Bu seçki kampaniyası ABŞ demokratiyasının mahiyyətini ortaya qoyur".

Bütün xəbərlər Facebook səhifəmizdə