Rusiya ABŞ koalisiyasının Mosul uğursuzluğu barədə MÜLKİLƏR VURULUR

“Ciddi nailiyyət əldə olunmayıb”
Rusiya ABŞ koalisiyasının Mosul uğursuzluğu barədə MÜLKİLƏR VURULUR

Rusiya Federasiyasının müdafiə nazirliyindən bəyan olunub ki, ABŞ hərbi güclərinin rəhbərliyi altındakı koalisiya Mosulun azad edilməsində hələ ki, ciddi nailiyyət əldə etməyib. SİA-nın məlumatına görə, bu barədə "interfax.ru" yazır. "Hələlik koalisiyanın bu şəhərin İŞİD-dən azad edilməsi istiqamətində gözə görünəsi ciddi nailiyyəti müşahidə olunmur"-deyə Rusiya silahlı qüvvələri baş qərargahının operativ idarə rəisi Sergey Rudskoy keçirdiyi brifinqində deyib.

Lakin onun sözlərinə görə, buna baxmayaraq, silahlılar Mosuldan Suriyaya qaçmağa başlayıblar.

"Bizdə olan informasiyaya görə, Mosuldan Suriyanın Dəyr-əz-Zor şəhərinə artıq 300 İŞİD silahlısı keçib. Rusiya HKQ-ri tərəfindən pilotsuz uçan aparatlarla və s. kəşfiyyat vasitələri ilə sutka boyu Suriya-İraq sərhəddi istiqamətində müşahidələr aparılır"-Rudskoy deyib.

O, qeyd edib ki, Rusiya təyyarələri havada növbə çəkir və hər an terrorçulara gecikmədən zərbə vurmağa hazırdırlar. Rudskoy həmçinin bildirib ki, ABŞ koalisiyası davamlı olaraq mülki obyektlərə bomba zərbələri endirir.

"ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Mosulda, istərsə də İraqın Nəynəva vilayətinin digər yaşayış kvartallarına, məktəblərinə, binalarına və mülki infrastrukturlarına aviazərbələr endirməsini sübuta yetirən çoxsaylı faktlar var. Nəticədə üç sutka ərzində uşaqlar da daxil olmaqla 60 nəfər mülki vətəndaş həlak olub, 200 nəfər isə yaralanıb"-deyə general-leytenant Rudskoy xəbər verib.

"Belə ki, oktyabrın 21-də ABŞ HHQ-nə məxsus təyyarə Mosulun cənubunda yerləşən Əl Həcc Yunus qızlar məktəbinə zərbə endirib. Oktyabrın 22-də isə Mosulun şərqindən 200 km aralıda yerləşən Karaqoş məntəqəsi, eləcə də 15 km aralıda yerləşən Hazna yaşayış kvartallarına kütləvi aviazərbələr endirib"-deyə RF baş qərargahının nümayəndəsi xatırladıb.

O, oktyabrın 23-də ABŞ HHQ-i tərəfindən Mosuldan 17 km şimalda yerləşən Qaraqxarab yaşayış məntəqəsinin, həmçinin Mosulun cənubundan 34 km aralıda yerləşən Əş Şura şəhərinin də bomba zərbələrinə məruz qaldığını deyib. Nəticədə çoxsaylı sosial obyektlər dağıdılıb, mülki vətəndaşlar öldürülüb və yaralanıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə