Nobel qardaşları və onların Azərbaycanda fəaliyyəti haqqında məqalə dərc olunub

Şərqi İsveçrənin "St.Galler Tagblatt" qəzetinin mədəniyyət üzrə jurnalisti Brijit Şmid-Quqler həmin qəzetdə Nobel qardaşları və onların Azərbaycandakı həyat və fəaliyyətlərindən bəhs edən məqalə yazıb. (http://www.tagblatt.ch/nachrichten/panorama/panorama/Edel-das-Gemuet-nobel-der-Preis;art253654,4770508 ).

SİA-nın məlumatına görə, yazıda qeyd edilir ki, bu günlərdə bütün dünyanın diqqəti Nobel mükafatına yönəlib və həmin mükafatın təsisçisi Alfred Nobelin izləri Azərbaycana gedib çıxır.

Məqalədə XIX əsrin sonunda Bakıda baş verən neft bumundan danışılır, həmçinin çar Rusiyasında neft hasilatının 95 faizinin, dünyadakı neft hasilatının isə yarısının Bakının payına düşdüyü diqqətə çatdırılır. Qeyd edilir ki, ilk olaraq Nobel qardaşlarının ən böyüyü Rixard Bakıya gələrək burada neft sənayesi üçün geniş imkanların olduğunu görür və silah sənayesində çalışan qardaşlarını neft sahəsinə sərmayə qoymağa inandıra bilir. 1879-cu ildə Nobel qardaşları Bakıda öz neft şirkətlərini təsis edir və bu ailəyə məxsus "Villa Petrolea" ətrafında kiçik şəhərciyə bənzər infrastruktur yaradılır. Bu gün həmin villa yenidən bərpa olunub və burada o dövrü əks etdirən muzey fəaliyyət göstərir.

Yazıda bildirilir ki, Nobel qardaşlarının Bakıdakı fəaliyyətinin canlı nümunəsi olan "Villa Petrolea" keşməkeşli tarix yaşayıb. Cəmi iki il ömür sürməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətində Şərqdə ilk dəfə parlamentli-demokratik respublika yaradılmış, o dövr üçün müsəlman ölkələri arasında bir çox ilklərə imza atılmış, qadınlara seçki hüququ verilmiş, eləcə də qadın və kişilərin bərabər hüquqlara malik olması bəyan edilmişdir. Sovet işğalı nəticəsində Bakını tərk etməyə məcbur olan Nobel qardaşlarının şirkəti və bütün mülkləri sovet hakimiyyəti tərəfindən müsadirə olunmuş, bununla da onların Azərbaycanda sənaye və sosial sahələrdə yaratdıqları bütün nailiyyətlərin taleyinə son qoyulmuşdur.

Sonda qeyd edilir ki, övladı olmayan və 1896-cı ildə vəfat edən Alfred Nobelin vəsiyyəti əsasında onun varidatı ilə bir fond təsis olundu. Fondun əsas məqsədi bəşəriyyət qarşısında böyük xidmətləri olan şəxsləri mükafatlandırmaqdan ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə