"Dövlətimizin vətəndaşlıq məsələləri, miqrasiya eləcə də xarici siyasəti ilə əlaqədar olaraq ölkəmizdə ikili vətəndaşlıq qəbul edilmir. Düşünürəm ki, bu məqsədəuyğundur. Bu fikirləri SİA-ya açıqlamasında hüquqşünas Səməd Vəkilov deyib.
Ölkəmizdə miqrasiya ilə bağlı məsələlərin nəzarətdə olduğunu deyən hüquqşünas Dövlət Miqrasiya xidmətinin yüksək fəaliyyət göstərdiyini də dilə gətirib: "Ümumiyyətlə, ölkəmizə daxil olan şəxslərin qeydiyyatı aparılır, elektron bazaya işlənilir, müddətdən artıq ölkəmizdə qalan miqrantlar cərimə olunur. Bu proseslər beynəlxalq miqrasiya siyasətinə uyğun şəkildə aparılır. Bundan başqa, iş adamlarının ölkəmizdə fəaliyyəti üçün heç bir problem yoxdur. İkili vətəndaşlıqlarının olmamasına baxmayaraq, istənilən əməkçi miqrant ölkəmizdə sərbəst şəkildə fəaliyyət göstərmək imkanına malikdir. Bununla bağlı Dövlət Miqrasiya Xidmətində də hər cür şərait yaradılıb. Azərbaycanda işləmək istəyən istənilən miqrant dövlət rüsumunu ödəməklə əmək fəaliyyəti ilə məşğul ola bilir. Məhz bunun nəticəsidir ki, Azərbaycanda kifayət qədər əməkçi miqrantlar fəaliyyət göstərir".
S. Vəkilov qeyd edib ki, ümumiyyətlə, ikili vətəndaşlıqla bağlı məsələ haqqında dərindən düşünülməli, onun bizə gətirəcəyi xeyrləri haqqında konsepsiya hazırlanmalıdır: "Hər bir ölkənin olduğu kimi Azərbaycan Respublikasının da Milli Təhlükəsizlik Konsepsiyası var ki, orada təhlükəsizliyimizi təsdiq edən amillərdən biri də peşəkar kadr potensialıdır. Bu baxımdan peşəkar kadr potensialına ehtiyacı olan ölkələr ikili vətəndaşlıq üçün şərait yaradırlar. Amma bu o demək deyil ki, bizim peşəkar kadra ehtiyacımız yoxdur. Sadəcə olaraq, hazırda Azərbaycan gənc dövlətdir və təhlükəsizlik baxımından ikili vətəndaşlıq haqqında qanunun qəbul edilməsi o qədər də məqsədəuyğun hesab olunmur".
Hüquqşünasın sözlərinə görə, ikili vətəndaşlıq eyni vətəndaşlıq hüququna malik olmaq deməkdir: "Əksər ölkələrdə ikili vətəndaşlığı olanlara seçki orqanlarda məhdudiyyətlər qoyulur. Amma ikili vətəndaşlıqda seçmək, seçilmək kimi məsələlər də öz əksini tapır. İkili vətəndaşlar vətəndaşı olduğu ölkənin hüquqlarının imtiyazlarına malik olmaqla yanaşı,həmin ölkənin vətəndaşlıq kimi vəzifələrini daşımalıdırlar. Bəzi Qərbi Avropa ölkələrində, eləcə də bizdə başqa ölkə qarşısında öhədlikləri olan şəxslər vətəndaşlığıa qəbul edilmir, ikili vətəndaşlığa da məhdudiyyətlər qoyulur. Bu da beynəlxalq hüququn qəbul edilmiş prinsiplərindən biridir".
Qeyd edək ki, bir sıra Qərbi Avropa ölkələrinin bir çoxunda, eləcə də qonşu ölkələrimiz olan Rusiya, Türkiyədə ikili vətəndaşlıq var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB