Yüzlərlə İraq xüsusi təyinatlıları 2014-cü ildən İŞİD tərəfindən işğal edilmiş Mosul şəhərinin ön cəbhədəki mövqeləri istiqamətinə toplaşmağa başlayıblar. SİA xəbər verir ki, Mosul Suriyanın Raqqa şəhəri ilə birgə terror təşkilatının paytaxtı elan olunub.
"Dünən bizim komandir dedi ki, artıq Mosulun azad olunması əməliyyatı başlayır", - deyə İraq ordusunun döyüşçüsünün bu sözlərini "The Associated Press" agentliyi qeyd edib.
Osman əl-Qənimi: "Bütün siyasi və hərbi strukturlar şəhərin azad olunması üçün konsensusa gəliblər"
İraq və Amerika hərbi məmurlarının sözlərinə görə, Mosulun azad olunması əməliyyatı şəhər ətrafında dislokasiya olunmuş 30 min döyüşçü tərəfindən aparılacaq.
Daha öncə, İraq ordusunun baş qərargah rəisi Osman əl-Qənimi Mosul sakinlərinə evlərində qalmağı və çölə çıxmamağı tövsiyə edib. O, bunun tezliklə hərbi əməliyyatların başlanacağı ilə əlaqələndirib. "Hücum saatı artıq astanadadır. Bütün siyasi və hərbi strukturlar şəhərin azad olunması üçün konsensusa gəliblər"-deyə o qeyd edib.
Ekspertlər: "Məcburi köçnünlərin sayı 1 milyona qədər arta bilər"
"İslam Today" portalında isə belə bir informasiya mövcuddur ki, şəhər sakinlərinin təxliyyəsi üçün də ayrıca plan hazırlanıb. Belə ki, Neynəva vilayətində Mosul sakinlərinin müvəqqəti yaşamaları üçün düşərgələr salınıb. Bildirilir ki, Mosulda başladılacaq müharibənin ilk günlərində həmin düşərgələr mülki vətəndaşların təhlükəsizliyini qoruyacaq.
"Müvəqqəti yaşayış üçün 200 min qaçqına yer ayrılıb. Tikintini miqrasiya üzrə beynəlxalq təşkilat öz üzərinə götürmək niyyətindədir. Ekspertlərin hesablamalarına görə, Mosula hücum olunandan sonra məcburi köçnünlərin sayı 1 milyona qədər arta bilər. 700 min insan isə humanitar yardıma ehtiyac duyacaq", - deyə adıçəkilən portal yazır.
Miqrasiya üzrə Beynəlxalq təşkilatdan isə bildirilib ki, düşərgələr yalnız ən lazımlı avadanlıqlar, qidalar, yollar, sanitar-gigiyenik tikililər, su və s. ilə təmin ediləcəklər.
Brett Makqurk: "Azadolunma əməlliyatına hazırlıq işləri yekunlaşdırılıb"
Bu yaxınlarda isə ABŞ-ın İŞİD-lə mübarizə istiqamətində beynəlxalq koalisiya təmsilçisi Brett Makqurk bəyan edib ki, artıq Mosulun azad olunması üçün hazırlıq işləri yekunlaşdırılıb. Lakin o, əməliyyatın detalları barədə danışmayıb və dəqiq vaxtı da bildirməyib. Daha öncə isə qeyd olunurdu ki, əməliyyat oktyabrın 19-a planlaşdırılıb. Əməliyyatlarda kürdlərin peşmərgə qüvvələri də iştirak edəcəklər.
"Reuters": "Bağdad və Vaşinqton Ankaranın dəstəyindən imtina etsələr, Ərdoğan "B" planını işə salmalı olacaq"
Bu arada qaçqınların sayının artacağından Türkiyə ciddi narahatlıq keçirir. Bununla bağlı prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə ordusu Mosulun azad olunmasında iştirak etmək məqsədini ortaya qoyub və əgər Bağdad və Vaşinqton Ankaranın dəstəyindən imtina etsələr, o "B" planını işə salmalı olacaq.
"Reuters" isə yazır ki, Türkiyə prezidenti "B" planının nədən ibarət olması barədə açıqlama verməyib və bu plan da işə yaramasa, "C" planı qüvvəyə minəcək.
Yaxın ərəfədə Türkiyə liderinin mətbuat katibi bəyan etmişdi ki, Mosulun azad edilməsi istiqamətində başladılacaq hərbi əməliyyatlar ölkə sərhədlərinə yüz minlərlə qaçqının toplaşmasına səbəb olacaq. Ankara eyni zamanda ehtiyat edir ki, İŞİD terrorçularının Mosuldan qovulmaları əməliyyatında PKK silahlıları da iştirak edə bilərlər. Bu təşkilat isə Türkiyədə terrorçu təşkilat kimi qeydə alınıb.
Hökumət qüvvələrinə işləməkdə suçlanan 58 nəfər İŞİD üzvü amansız şəkildə edam edilib
"Bu yaxınlarda isə İŞİD silahlıları onların aralarında olan bir neçə nəfərin İraq hökumət ordusuna keçmələrini, bu məqsədlə Mosula hücum zamanı hökumət qüvvələrinə yardım etmək cəhdlərini ifşa edən planlarını üzə çıxarıb", - deyə Reuters" əlavə edib. Bildirilir ki, ifşadan sonra 58 nəfər qruplaşma üzvü amansız şəkildə edam olunublar. Şəhər sakinlərinin məlumatlarına görə, onları qəfəsə salaraq suda boğublar və bilinməyən yerdə basdırıblar. Edam olunanlar arasında İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin Mosul üzrə köməkçisi də var.
İfşa isə bu cür baş verib. Belə ki, qaçmağa hazırlaşan İŞİD üzvlərindən birinin telefonunda silahların daşınmasını əks etdirən SMS aşkarlanıb. Sorğu-sual zamanı o etiraf edib ki, həmin silahlar İraq ordusunun Mosula hücumu zamanı İŞİD üzvlərinə qarşı işlədiləcəkmiş.
"Qiyamın qarşısını alan İŞİD yerli komandirlərin əllərindən xüsusi sənədləri alıblar ki, onlar Mosuldan qaçmasınlar", - deyə İraq ordusunun hərbi kəşfiyyat polkovniki Əhməd əl-Təyyə bildirib.
Qeyd olunur ki, avqustun sonunda İarq hökumət ordusu kürd güclərinin və beynəlxalq koalisiyanın havadan verdiyi dəstəyi nəticəsində Mosul şəhəri istiqamətində yerləşən strateji əhəmiyyətli Əl-Kəyyərə şəhərini azad etmişdilər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB