Baş nazir: "Pakistanın Qarabağ məsələsində Azərbaycana dəstəyi davam edəcək"

Baş nazir: "Pakistanın Qarabağ məsələsində Azərbaycana dəstəyi davam edəcək"

Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə bu ölkənin Baş naziri Nəvaz Şəriflə görüşüb. SİA-ya ölkəmizin Pakistandakı səfirliyindən verilən məlumata görə, səfir Azərbaycan Prezidentinin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu qeyd edib. Səfir ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, beynəlxalq məsələlərdə hər iki ölkənin bir-birini dəstəklədiklərini qeyd edərək, bu əlaqələrin inkişafında Azərbaycan və Pakistan Prezidentlərinin xüsusi rolunun olduğunu vurğulayıb. Pakistanın hər zaman Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olmasının, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımamasının Azərbaycan dövləti və xalqı tərəfindən daim yüksək qiymətləndirildiyini qeyd edib. Azərbaycanın da hər zaman Pakistanın yanında olduğunu, Kəşmir üzrə İslam Əməkdaşlıq Təşkilatının Təmas qrupunun üzvü kimi Kəşmir məsələsinin BMT-nin TŞ-nın qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunmasının tərəfdarı olduğunu diqqətə çatdırıb.

Səfir, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən hümanitar və sosial yönümlü layihələrin xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfə verdiyini vurğulayaraq, bu layihələrin gələcəkdə də Fond tərəfindən davam etdiriləcəyini bildirib.

Baş nazir Nəvaz Şərif Azərbaycan Prezidenti ilə yaxın dostluq, qardaşlıq əlaqələrinin olduğunu, Davosda və digər yüksək səvyiyyəli tədbirlərdə keçirdiyi görüşləri xatırladıb, Azərbaycan-Pakistan səmimi dövlətlərarası əlaqələrinin, həmçinin iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərinin ən yüksək səviyyəyə çatdığını bildirib.

Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu və olacağını bildirən Baş nazir, Dağlıq Qarabağ məsələsində Azərbaycana tam dəstəyin davam edəcəyini vurğulayıb. N. Şərif iki ölkə arasındakı möhkəm siyasi münasibətlərlə yanaşı iqtisadi, ticari və digər əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial və imkanların olduğunu bildirirb, Pakistanın iqtisadi əlaqələrin də daha da inkişafına hazır olduğunu diqqətə çatdırıb və səfirə fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə, həmçinin Pakistanın Baş nazirinin yaxın günlərdə Azərbaycana nəzərdə tutulan səfəri ilə bağlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə