Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün tədbir planı hazırlanıb
Azəri-Türk Qadınlar Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 25 illiyi ilə əlaqədar "Azərbaycanın dövlət müstəqilliyinin 25 illik həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması" adlı tədbir planı hazırlayıb. SİA-nın xəbərinə görə, layihə ilə bağlı Beynəlxalq Mətbuat Mərkəzində keçirilən təqdimat mərasimində Birliyin sədri Tənzilə Rüstəmxanlı, Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı, millət vəkilləri, QHT və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Himni səsləndirilib. Təqdimat mərasimində çıxış edən T.Rüstəmxanlı bildirib ki, bu ay ölkəmizin müstəqilliyinin bərpa edilməsinin 25 illiyi tamam olur. O qeyd edib ki, bu dövr ərzində Azərbaycan dövləti xarici siyasət sayəsində böyük və şərəfli bir yol keçib: "Bu baxımdan bütün tarixi faktları təbliğ etmək və yaymaq lazımdır ki, tariximizi digər millətlər bilsin və bizləri, keçmişimizi tanısınlar. Missiyamız layihə vasitəsilə ölkəmizlə bağlı həqiqətləri nümayiş etdirmək, "erməni soyqırımı" və Dağlıq Qarabağ haqqında yalan və uydurmaların yayılmasının dəqiq faktlarla almaqdan ibarətdir. Bu baxımdan layihə çərçivəsində təbliğat xarakterli görüş tədbirlərin keçirilməsi, həqiqəti əks etdirən informasiyanın yayılması bu problemi dünya ictimaiyyətinə çatdırmağın formalarından biri kimi icra ediləcək. Daha sonra çıxış edən millət vəkili Fəzail Ibrahimli tarixə nəzər salaraq vurğulayıb ki, müstəqilliyimizin 25-ci ildönümü qeyd edildiyi bu günlərdə keçmiş tarixə nəzər salmaq, keçmişdə qazandıqlarımızı itirməmək, onları daha da inkişaf etdirmək , gələcək nəsillərə təhvil vermək, tariximizi bilmək hər birimizin ümdə borcudur. O sonda hər kəsə müstəqilliyimizi daim dadmağı arzu edib. Daha sonra çıxış edən türkoloq, filologioya elmləri doktoru, professor Firudin Cəlilov ölkəmizin tarixini gənclərə ötürülməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə , Azərbaycan hər zaman mədəniyyət göstəricilərinə görə, bir çox ölkələrdən irəli olub: "Xalqımız çox tolerant olmaqla yanaşı, istedadlıdır. Biz etnoqrafik, dil baxımından bir çox xalqlardan öndəyik".
Tədbirdə çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib ki, Azərbaycanda Xalq Hərəkatı Dağlıq Qarabağa görə başlayıb: " Azərbaycanda Qarabağ hərəkatının başlanmasında Kommunist Partiyası böyük rol oynayıb. Ilk nümayiş BDU-dan başlayıb və daha sonra nümayişə digər universitetlərin tələbələri qoşulub. Azərbaycanın 25 illik tarixinə nəzər saldıqda onun nə qədər zəngin olduğunu görmək mümkündür. Biz öz tariximizi unutmamalıyıq". Daha sonra tədbirdə çıxış edən natiqlər Azərbaycanın bu illərdəki inkişaf tarixinə nəzərə salaraq bildiriblər ki, ölkəmiz 25 ildə keçdiyi yolda mürəkkəb-ictimai proseslər və çətinliklərlə üzlənməsinə baxmayaraq, gənc dövlət olaraq bu çətinliklərdən alnıaçıq çıxmağı bacarıb. Tədbir müzakirələr əsasında davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB