"Ermənistanın səhiyyə nazirliyində yaxın günlərdə istefalar qaçılmaz olacaq". SİA-nın məlumatına görə, bu barədə "Joxovurd" nəşri yazır. Qəzetə məlum olub ki, Serk Sarkisyan tərəfindən yeni təyin olunmuş səhiyyə naziri Levon Altunyan müavini Tiqran Saakyanı çağırıb və onların arasında xoşagəlməz söhbət yaşanıb. Belə ki, Saakyan Ermənistan parlamentinin sədri Qalust Saakyanın oğludur. Ancaq buna baxmayaraq, onun yaxınlarda istefa haqqında ərizə yazacağı ehtimal olunur.
"Qəzet Tiqran Saakyanla bağlı hansı hadisələrin baş verməsini dəqiqləşdirib"-deyə yazan "Joxovurd" əlavə edir ki, hadisə ilə bağlı Saakyanın özü danışıb və həmin xəbərin real olmadığını, səhiyyə və siyasətdən başları çıxmayan adamların nağılı olduğunu deyib.
Lakin bütün bunlara baxmayaraq, jurnalistin yeni nazirin onu vəzifəsindən uzaqlaşdıracağı təqdirdə hansı hərəkəti edəcəyi barədə sualını da cavablandıran parlament spikerinin oğlu pafosla bildirib ki, bu baş verərsə, istefasını çox sakit şəkildə qəbul edər: "Çox sakit. Mən ümumiyyətlə, vəzifədən zorla asılıb-qalan adam deyiləm və hər hansı əks addım atmağı da düşünmürəm. Əvvəl-axır insan vəzifəni bəzəyir, vəzifə insanı deyil".
Ancaq buna baxmayaraq, erməni nəşri iddia edir ki, Tiqran Saakyan atası Qalust Saakyan ilə danışdıqdan sonra aqressivliyi kənara qoyub və onun verdiyi təlimatları əsasında yeni nazirlə münaqişəyə girməkdən vaz keçib.
Digər hakimiyyət nümayəndəliyində də vəziyyət kritik həddə çatıb. "Joxovurd"un yazdığına görə, məhz baş nazir Ovik Abrahamyanın vəzifəsindən kənarlaşdırılmasından və hökumətin buraxılmasından sonra müdafiə naziri vəzifəsində olan Seyran Ohanyanın istefası və yenidən nazir kimi təyin olunmaması gözlənilirdi. "Serj Sarkisyan Ohanyanı iki dəfə yanına çağırıb və müxtəlif vəzifələr təklif edib"-deyə qeyd edən erməni nəşri yazır ki, əvvəlcə Ohanyana KTMT-nin baş katibi, ardınca isə silahlı qüvvələrin baş qəragahının rəisi vəzifəsi təklif olunub. Sonda isə sabiq nazirə milli təhlükəsizlik şurasının katibi vəzifəsi təklif olunub. Lakin Ohanyan bu təkliflərin hamısını rədd edib".
"Hətta o açıq şəkildə Sarkisyanın üzünə deyib ki, onu müdafiə naziri vəzifəsindən başqa heç bir vəzifə maraqlandırmır"-deyə yazan "Joxovurd"un qənaətinə görə, çox güman ki, Seyran Ohanyan Serj Sarkisyandan incik düşmüş şəxslərin sırasında yer alacaq və eks-məmurların yaratdıqları anti-Sarkisyan qrupunda yer alacaq: "Ancaq hansı qrupda və kimlərin yanında, hələlik bu bəlli deyil".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB