Bəhruz Quliyev: “Con Kerrinin bu proseslərdəki qeyri-ciddi fəallığı heç bir siyasi-diplomatik məntiqə uyğun gəlmir” MÖVQE

Bəhruz Quliyev: “Con Kerrinin bu proseslərdəki qeyri-ciddi fəallığı heç bir siyasi-diplomatik məntiqə uyğun gəlmir” MÖVQE

"Ümumiyyətlə, Azərbaycan ictimaiyyəti Con Kerrinin bəyanatlarına ciddi yanaşmır və bütün bunlar onun Dağlıq Qarabağ probleminin həllində, eləcə də Azərbaycanla münasibətdə ikitərəfli oyunçu olduğunu sübuta yetirir". Bu fikirləri SİA-ya "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev, ABŞ-ın dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi "liderlər buna hazır deyillər" açıqlamasına şərh verərkən deyib.

Baş redaktor qeyd edib ki, əslində, Con Kerri bu kimi açıqlamalar verdiyi zaman üzərində öhdəliyinin olmasını, o cümlədən hansı məsuliyyət daşımasını dərk etməlidir: "Lakin təəssüflər olsun ki, biz ABŞ-ın dövlət katibinin bu tipli davranışlarının ilk dəfə şahidi olmuruq. Çünki o unudur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində təmsil etdiyi dövlətin üzərində ciddi öhdəliklər var və bu öhdəliklərə barmaqarası baxmağın özü bir sıra məsələlərin üzə çıxmasına səbəb olur. Məsələn, ABŞ ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən biri kimi vasitəçilik missiyasını üzərinə götürdüyü halda biz seçkilər və s. ərəfəsində bu ölkənin müxtəlif siyasi dairələri tərəfindən qərəzli münasibətlərin şahidlərinə çevrilirik. Xüsusilə Con Kerrinin bu proseslərdə qeyri-ciddi fəallığı heç bir siyasi-diplomatik məntiqə uyğun gəlmir".

"Hesab edirəm ki, Con Kerrinin məlum açıqlaması Qarabağ probleminin nizama salınması istiqamətində nəinki təşəbbüskar rolunu oynamır, o cümlədən, qızışdırıcılıq faktorunu açıq-aydın nümayiş etdirir. Biz bundan sonra onun hansı bəyanatını, siyasi mövqeyini ciddi qəbul etməliyik?! Diqqət yetirin, Kerri üzərinə düşən öhdəliyi qoyur bir kənara və yönəldir münaqişə tərəflərinə. Sonra da iddia edir ki, "liderlər buna hazır deyil". Halbuki, ölkə başçısı, cənab İlham Əliyev dəfələrlə münaqişənin həlli prosesində Azərbaycanın ədalətli və haqlı tələblərini bəyan edib və bu gün də Qarabağ probleminin həllini ölkənin bir nömrəli məsələsi kimi yüksək tribunalarda beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Necə ola bilər ki, danılmaz faktlar ortada ola-ola, ABŞ kimi bir ölkənin dövlət katibi liderlərin buna hazır olmadığını söyləsin?! Əlbəttə ki, burada ciddi məntiqsizlik var və bu qəbul edilməzdir. Hesab edirəm ki, bu kimi bəyanatlar verilərkən, beynəlxalq hüquq normasına, hüquqi standartlara diqqət edilməlidir".

Xatırladaq ki, Con Kerri daha öncələr də ikili standartlardan, dolayısı ilə Ermənistanın işğalçılıq siyasətinə göz yuman, ermənipərəst siyasətçi kimi tanınıb. Erməni lobbisi tərəfindən Azərbaycanın dövlətçilik maraqlarına qarşı işə salınan çirkin kampaniyalarda iştirak edib. O, eyni zamanda "907-ci düzəliş"in müəllifi kimi də tanınmaqdadır və fəaliyyətinin istiqaməti onun ofisinin Azərbaycanın əleyhinə işləməsinə yönəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə