AzMİU-da referendumla bağlı maarifləndirici tədbir keçirilib FOTOLAR

AzMİU-da referendumla bağlı maarifləndirici tədbir keçirilib FOTOLAR

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktıyla bağlı tələbələr və müəllimlərlə maarifləndirici xarakterli tədbir keçirilib. Tədbiri Universitetin rektoru professoru Gülçöhrə Məmmədova açaraq sentyabrın 26-da reallaşacaq referendum aktının mahiyyəti, referendumda konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.

G.Məmmədova vurğulayıb ki, yeni qanunların qəbulu, yaxud mövcud qanunlara əlavə və dəyişikliklərin edilməsi ictimai münasibətlərin hüquqi tənzimlənməsini daha da təkmilləşdirmək, müasirləşdirmək niyyətindən irəli gəlir. Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsini təbii proses adlandıran rektor qeyd edib ki, belə yanaşmalar Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş köklü dəyişikliklər, eləcə də regionda və dünyada baş verən geosiyasi proeseslərin zərurətindən irəli gəlir. O, Konstitusiyaya dəyişikliklərlə bağlı layihəni Azərbaycanın inkişafı baxımından mühüm islahat kimi dəyərləndirərək bildirib ki, Azərbaycan inkişaf etməkdə olan ölkədir və qarşısındakı hədəflər böyükdür.

Tədbirdə iştirak edən yazıçı, millət vəkili Hüseynbala Mirələmov çıxış edərək müstəqilliyimiz, təhlükəsizliyimiz, dünyada gedən qlobal proseslərdə Azərbaycanın maraqlarının müdafiəsi, ölkə prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət, vətəndaş cəmiyyətinin inkişafı və referendumda konstitusiyaya təklif edilən dəyişikliklər və əlavələr barədə danışıb. Millət vəkili tədbir iştirakçılarını Azərbaycan Respublikasının hərtərəfli inkişafına tövhə verəcək və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü, siyasətin uğurla davam etdirilməsinə təkan verəcək sentyabrın 26-da keçirilməsi nəzərdə tutulan referendumda fəal iştirak etməyə çağırıb.

AzMİU-nun Ağsaqqallar Şurasının sədri, fəlsəfə elmləri namizədi Bəhram Avılov Konstitusiyaya edilən dəyişiklik və əlavələrin Azərbaycan dövlətinin konstitusion əsaslarının daha da möhkəmləndirilməsi, ölkəmizin rifahı, müstəqilliyi, insan hüquqlarının və azadlıqlarının daha yaxşı qorunması, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi, demokratiyanın gücləndirilməsi və yerli özünüidarəetmənin inkişafı baxımından zəruri olduğunu vurğulayıb.

Tədbirdə iştirak edən tələbələr də çıxış edərək, Referdumla əlaqədar öz fikirlərinin bölüşüb, gəncləri sentyabrın 26-da referendum günündə aktiv olmağa səsləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə