Şahin Əliyev: "Bu rəy Azərbaycana qarşı bir sifarişdir" FOTOLAR

PA rəsmisi Venesiya Komissiyasının neqativ rəyinə münasibət bildirib
Şahin Əliyev: "Bu rəy Azərbaycana qarşı bir sifarişdir" FOTOLAR

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Venesiya Komissiyasının Azərbaycanın Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş referendum barədə neqativ rəy verməsinə münasibət bildirilib. SİA-nın məlumatına görə, Azərbaycan Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev keçirdiyi mətbuat konfransında qeyd edib ki, Azərbaycan hökuməti Venesiya Komissiyası ilə həmişə əməkdaşlıq edib.

PA-nın şöbə müdiri bildirib ki, bu əməkdaşlıq qarşılıqlı hörmət əsasında qurulub: "Yadıma gəlmir ki, Venesiya Komissiya bu və ya digər məsələ ilə bağlı 3 ay müddətinə rəy versin. Yəni, bu rəy əvvəlcə Azərbaycan hökumətinə göndərilməli idi. Bu prosedur kobudcasına pozulub. Bilirsiz ki, komissiyanın rəyi AŞPA sədrinin məktubu əsasında hazırlanıb. Cəmi iki həftə müddətində baş verib".

Onun sözlərinə görə, Venesiya Komissiyası bildirir ki, 60 gün ərzində Konstitusiyaya 29 dəyişikliyin müzakirəsi mümkün deyil: "Bəs iki həftə ərzində bu dəyişikliyə dair rəy hazırlamaq mümkündür?! Bu rəylərdə kifayət qədər qeyri-dəqiqliklər var, hətta kobud səhvlərə rast gəlinir. Məsələn, rəyin 25-ci bəndində Konstitusiyanın 159-cu maddəsinə istinad edilir. Ancaq Konstitusiyamız cəmi 158 maddədən ibarətdir, 159-cu maddə yoxdur. Əsas narazılıqları icra hakimiyyəti şaqulisinin möhkəmləndirilməsi ilə bağlıdır. Söhbət referendum aktı qəbul edilsə, təsis ediləcək vitse-prezidentlər institutundan gedir. Venesiya Komissiyasının rəyində yanaşma budur ki, təyinatlı vitse-prezidentlik institutu demokratik deyil. Hansı beynəlxalq sənəddə belə demokratik standart əksini tapıb? Belə demokratik standart yoxdur. ABŞ-da prezident səlahiyyətlərini icra edə bilmədikdə, vitse-prezident icra edir. Vitse-prezident bu səlahiyyəti icra edə bilmədikdə, prezidentin səlahiyyətini seçilməmiş nazirlər ardıcıllıqla icra edir. Heç kim də bunu qeyri-demokratik adlandırmır".

PA rəsmisi qeyd edib ki, mətbuatda Nazirlər Kabinetinin ölkədə gedən islahatların lokomotivinə çevrilə bilmədiyi yazılıb: "Bu fikirlə müəyyən qədər razılaşmaq olar. Hər ay dəyişən iqtisadi vəziyyətdə, hər ay dəyişən maliyyə siyasətində Nazirlər Kabineti aparıcı rol oynaya bilməyib. Çünki Nazirlər Kabinetinin institusional quruluşu, iş fəaliyyəti bu cür fəaliyyət üçün nəzərdə tutulmayıb. Ona görə də çevik qərar qəbul edən institutun olması günün tələbidir".

Ş.Əliyev vurğulayıb ki, Venesiya Komissiyasının digər narazılığı prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsi ilə bağlıdır: "Bu, günün tələbidir. Parlamentin fəaliyyətində də "pat situasiyası" yarana bilər. Mətbuatda da vurğulanıb ki, bir sıra hallarda prezidentin parlamentə göndərdiyi qanun layihələri parlamentdə qəbul edilməyib. Bəs necə olur ki, Fransa prezidenti parlamenti çox asanlıqla buraxa bilər?!"

O bildirib ki, bu rəy Azərbaycana qarşı bir sifarişdir və bu sifariş AŞ PA-da oturan deputatlardan gəlir: "Mən bunu ancaq siyasi sifariş kimi qiymətləndirirəm. Avropa Şurası Parlament Assambleyasında müxtəlif ölkələrin deputatları var. Çox güman ki, bu sifariş həmin deputatlarla bağlıdır. Bizimlə heç kim əlaqə saxlamayıb, nə zəng, nə də rəsmi müraciət edilib. Ancaq onlar bizə imkan verməli idi ki, biz o rəylə tanış olaq. Bu dəfə prosedur kobudcasına pozulub, bizimlə ultimatum dili ilə danışırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə