Donald Trampı lüt soyundurdular AKSİYA

Donald Trampı lüt soyundurdular AKSİYA

ABŞ-ın özündə yaradıcı və incəsənət adamlarını birləşdirən "Indecline" qeyri-hökumət təşkilatı ötən gün milyarder, ölkə prezidentliyinə namizəd Donald Trampın lüt bədənini əks etdirən heykəllərini bir neçə böyük şəhərin ən görkəmli yerlərində nümayiş etdiriblər. Adıçəkilən QHT bu aksiya ilə bağlı bəyanat da yayıb. Bəyanatda bildirilir ki, aksiya respublikaçı namizədin prezident seçkilərində iştirakına qarşı yönəlib. Trampın lüt heykəllərini bədheybət heykəllər düzəldən Cincer (Ginger) ləqəbli tanınmış heykəltəraş polimer materiallardan hazırlayıb.

Heykəllər demək olar ki, eyni vaxtda Nyru-Yorkda, Los-Ancelesdə, San-Fransiskoda, Klivlenddə və Sietldə ictimaiyyət qarşısına çıxarılıb.

Cincer bu yaradıcılıq işində Trampın heykəlini xoş olmayan rənglə və əcaib sifətlə, yekə qarınla – ümumilikdə qeyri-proporsional tərzdə təqdim edib.

"Biz Donald Trampın respublikaçılar partiyasından namizədliyinin irəli sürülməsini öyrənərkən heç nə edə bilməyərək, böyük təəssüf hissi keçirdik. Çünki bu adam dünyaya böyük təhlükədir və əfsuslar olsun ki, onu yüngül düşüncəli, eləcə də fanatik köklənən vətəndaşlar dəstəkləyirlər"-deyə Amerika QHT-sinin bəyanatında bildirilir.

"Indecline"nin üzvləri qeyd ediblər ki, heykəllər qoyulduqdan dərhal sonra hakimiyyət nümayəndələri tərəfindən demontaj edilərək, yığışdırılıb. "Çox yəqin ki, bu beş heykəli bir daha kimsə görməyəcək"-deyə QHT təmsilçiləri qeyd ediblər.

Nyu-York polisindən bildirilib ki, heykəlin qoyulması hakimiyyət nümayəndələri ilə razılaşdırılmayıb, ona görə də sökülməyə məruz qalıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə