Politoloq: “Rusiya-Türkiyə arasında yeni müttəfiqliyin şahidi olacağıq”
"İki lider arasındakı dolayısı təmaslar bəhrəsini verdi. Burada əsas məsələ kimin kimdən üzr istəməsi deyil, Türkiyə -Rusiya münasibətlərinin normallaşmasıdır. Söhbət ümumilli maraqlardan gedirsə, bəzi məqamlarda güzəştə getməyə ehtiyac var". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin normallaşması xarici siyasətdə və iqtisadiyyatda dərin böhran keçirən hər iki tərəf üçün qaçılmaz idi: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın keçmiş Baş nazir Əhməd Davudoğlunu istefaya göndərməsindən sonra Türkiyənin xarici siyasətinin əsasını region ölkələri ilə münasibətlərin yoluna qoyulması tutdu. İsrail-Türkiyə və Türkiyə-Rusiya arasında son günlərdəki istiləşməni buna misal göstərmək olar. Ümumiyyətlə, xarici siyasətdə əsas meyar ümumi maraqlardır. Rusiya-Türkiyə arasında baş verən məlum olaya qədər hər iki ölkə arasında münasibətlər tarixdə heç vaxt olmayan pik nöqtəyə çatmışdı. Sonra məlum hadisə hər iki ölkə arasında münasibətlərə xələl gətirdi".
Z. Məmmədovun sözlərinə görə, siyasi cəhətdən Rusiya ilə Türkiyə arasında yaxınlaşma Azərbaycan üçün olduqca sərfəlidir: "Bundan başqa, Qərb ilə son 100 ilin ən çətin mərhələsində olan Türkiyəyə-Rusiya ilə münasibətləri səhmana salmaq çox vacibdir. Türkiyə-Rusiya siyasi birliyi hər iki dövlət üçün lazımlıdır. Qərbin Türkiyənin sərhədləri yanında İraqda və Suriyada Kürdüstan dövlətini qurması, Fransa, Almaniya kimi dövlətlərin yüksək çinli hökumət üzvlərinin Türkiyəni Birliyə qəbul etməyəcəyik kimi çağırışları yeni deyil. Belə olan təqdirdə bu dövlət son on illərdir davam edən xarici siyasət vektorlarında dəyişikliklər etməyə məcburdur. Bu dəyişikliklərin bir istiqaməti də Rusiya ilə normal münasibətlərin olmasıdır. Rusiyaya gəldikdə isə, bu ölkə I Pyotrun nəsihətlərini unutmalıdır. Çünki, küçədə XXI əsrdir. O vaxtdan fərqli olaraq bu gün hər iki dövlət bir-birinə düşmən deyil, dost ola bilər. Bunu hazırkı beynəlxalq münasibətlərdəki siyasi və iqtisadi vəziyyət tələb edir. Rusiyanın ağır iqtisadi durumunda Türkiyə müsbət rol oynaya bilər. Türkiyənin çətin günlər keçirən turizm sektoru, Rusiyanın ayrı-ayrı şəhərlərində tikinti ilə məşğul olan türk inşaat kampaniyaları, Rusiya bazarları ilə ticarət edən türk fermerləri və iş adamları tezliklə yenidən Rusiya bazarlarına çıxış əldə edəcəklər".
Politoloqun fikrincə, yaxın müddətdə Rusiya-Türkiyə arasında yeni, güclü bir müttəfiqliyin şahidi olacağıq: "Eyni zamanda Rusiya-Türkiyə arasında münasibətlərin normalaşmasını istəməyən qüvvələr tərəfindən qardaş ölkədə terror olaylarının artması gözləniləndir. Türkiyə ilə Rusiya arasında münasibətlərin normallaşmasında Azərbaycanın və Qazaxıstanın da payı vardır. Türkiyənin Baş naziri Binəli Yıldırım da çıxışında bunu təsdiq edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB