Məzunların buraxılış mərasimi keçirilib

Məzunların buraxılış mərasimi keçirilib

Bu gün Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində məzunların buraxılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasim Azərbaycanın Dövlət Himninin səslənməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlanıb.

Azərbaycan müdafiə nazirinin şəxsi heyətlə iş üzrə müavini, general-leytenant Kərim Vəliyev buraxılış mərasimində çıxış edərək deyib ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə Azərbaycana yenidən hakimiyyətə gələndən sonra Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyətində əsaslı dönüş yarandı: "Bu gün də Azərbaycanda ordu quruculuğunda dövlət səviyyəsində xüsusi diqqət göstərilir, ordu quruculuğu dövlətin prioritet sahələrindən birinə çevrilib".

General-leytenant diqqətə çatdırıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Silahlı Qüvvələrin üzərinə böyük məsuliyyətin düşür: Bu işdə Azərbaycan Silahlı Qüvvələrinin əhamiyyətli rolu var. Bu ilin aprel hadisələrində Azərbaycan silahlı Qüvvələri bir daha öz gücünü düşmənə göstərdi. Həmin hadisələr zamanı erməni silahlı birləşmələrinin təxribatının qarşısını layiqincə alan Azərbaycan Silahlı Qüvvələri uzun illər düşmən tapdağında olan ərazilərimizin bir hissəsini işğaldan azad etdi. Aprel hadisələrində Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinə layiqli qiymət verdi, hərbçilərimizin şücaətini lazımi səviyyədə qiymətləndirdi.

Çıxışlardan sonra Bakı Ali Hərbi Məktəbinin məzunlarına diplomlar təqdim olundu. Buraxılış kursunun 4 məzununa fərqlənmə diplomu və müdafiə naziri, general-polkovnik Zakir Həsənovun adından qiymətli hədiyyələr təqdim olundu.

Bütün xəbərlər Facebook səhifəmizdə