Dünya Azərbaycanlılarının IV Qurultayı öz işini panel iclaslarla bu gün də davam etdirir. SİA-nın məlumatına görə, ilk paneldə "Cəmiyyətə inteqrasiya və siyasi həyatda iştirak" mövzusunda müzakirələr aparılıb.
Panel iclasın moderatoru, Türkiyənin Giresun Universitetinin tarix kafedrasının müdiri, professor, Dünya Türkləri Konqresinin üzvü Aygün Attar azərbaycanlıların məskunlaşdıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakına mane olan amillər və onların aradan qaldırılması yolları, yerli cəmiyyətlərə inteqrasiyanın şərtləri və çətinlikləri barədə müzakirələrin aparılacağını diqqətə çatdırıb. Bildirilib ki, bu gün Azərbaycan icmasının yaşadığı ölkədə ona olan ictimai etimadın gücləndirilməsi, yerli ictimai mühit və siyasi münasibətlər sisteminin yaratdığı maneələrin dəf edilməsi yollarının müəyyənləşdirilməsi, Azərbaycan diasporunun cəmiyyətə inteqrasiyasının və siyasi fəallığının artırılması üçün vahid konsepsiyanın hazırlanması mühüm əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Musa Qasımlı çıxışında Azərbaycan diasporunun yaranma tarixindən, milli diasporumuzun formalaşmasında mühacirət hərəkatının rolundan danışıb. O, dövlətin diaspor təşkilatlarına, yoxsa diaspor təşkilatlarının dövlətə yardım etməsi məsələsinin hazırda aktual mövzu olduğunu vurğulayıb.
Ukrayna Milli Avrasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, hüquq elmləri doktoru, Ukraynanın Əməkdar Təhsil İşçisi, Ukrayna Azərbaycanlıları Alimlər Şurası ictimai təşkilatının sədri Arif Quliyev yaşadığı ölkədə diaspor təşkilatlarının fəaliyyətindən, ictimai-siyasi həyatda iştirak üçün mövcud vəziyyətdən və qarşıda duran problemlərdən danışıb. O, Azərbaycanın diaspor təşkilatlarının dövlət və xalq qarşısında hesabat verməli olduqlarını diqqətə çatdırıb.
Qlobal Kariyera İnstitutunun direktoru Orxan Həsənoğlu, tanınmış türkoloq alim, Moskva Dövlət Linqvistika Universitetinin professoru, "Ocaq" Azərbaycan Mədəniyyəti Cəmiyyətinin sədri Tofiq Məlikli, "Azər-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Rusiya Azərbaycanlı Gənclər Birliyinin əməkdaşı Alim Hüseynov, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov və digər çıxış edənlər də Azərbaycanın müstəqilliyin bərpasından sonra özünü dünyada tanıtmaq istiqamətində ilk addımlarından birinin diaspor təşkilatlarının fəaliyyətinin canlandırılması olduğunu bildiriblər.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB