Bu gün Bakıda işə başlayan Dünya Azərbaycanlılarının IV Qurultayı çərçivəsində keçirilən "Keçmişin təcrübəsi və müasir düşüncə - Azərbaycan diaspor hərəkatında gənclər: yeni baxış və yeni strategiya" mövzusunda müzakirələr aparılıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Ramin Məmmədovun moderatorluğu ilə keçən panel sessiyada "Gənclər Azərbaycan diasporunun fəaliyyət tarixində yeni mərhələnin aparıcı qüvvəsi kimi", "Yeni nəsli fərqləndirən başlıca keyfiyyətlər", "Azərbaycan diasporunun indiki nəsli ilə gənclər arasında fikir və düşüncə fərqi", "Keçmiş nəslin təcrübəsi və yeni nəslin müasir yanaşma tərzi - ümumi harmoniyanı necə yaratmalı?" "Keçmiş təcrübənin yeni nəslə ötürülməsi üsulları hansılardır?" mövzularda diskussiyalar aparılıb.
Ramin Məmmədov panel sessiyasını açaraq qeyd edib ki, Azərbaycanın diaspor hərəkatının qısa tarixinə nəzər salsaq, Ulu Öndər Heydər Əliyevin bu yöndə danılmaz fəaliyyətinin şahidi oluruq: "Vaxtilə Ulu Öndərin təşəbbüsü ilə xarici ölkələrdə təhsil almağa göndərilən insanlar bu gün artıq diasporumuzun fəaliyyətində mühüm rol oynayırlar. Bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir, diasporumuzun fəaliyyətinin daha da gücləndirilməsi istiqamətdə önəmli addımlar atılır".
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun məsləhətçisi Natiq Əliyev çıxış edərək bildirib ki, internet bu gün gənclərin həyatının ayrılmaz hissəsinə çevrilib: "Bu vasitədən səmərəli istifadə olunarsa ölkə həqiqətləri barədə informasiyaların daha çox insana çatmasına nail ola bilərik. Bu fəaliyyət mərkəzləşdirilmiş formada təşkil olunmalı, gənclər təşkilatları bir-biriləri ilə əlaqəli işləməli, həmrəylik nümayiş etdirməlidirlər".
"Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası"nın sədri, Vaterlo Universitetinin professoru İlham Axundov deyib ki, hər bir zamanın dominant anları var: "Regionda və dünyada olan siyasi sıçrayışları və informasiya müharibəsini də nəzərə alsaq, gənclər bu istiqamətdə daha aktiv olmalıdırlar. Lobbiçilikdən danışan İ.Axundov deyib ki, Azərbaycan lobbisi artıq formalaşmağa başlayıb, bu tarix 20 ilə yaxın bir dövrü əhatə edir və bu gün Azərbaycan diasporu artıq əlaqəli fəaliyyət göstərir.
Panel sessiyası çıxışlarla davam edib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB