Millət vəkili: “Amnistiya aktı vətəndaş-dövlət münasibətlərinə təsir göstərən vacib amildir” AÇIQLAMA

Millət vəkili: “Amnistiya aktı vətəndaş-dövlət münasibətlərinə təsir göstərən vacib amildir” AÇIQLAMA

"Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın amnistiya aktının qəbul olunması ilə bağlı irəli sürdüyü təşəbbüs çox mühüm və əlamətdar bir hadisə ilə bağlıdır. 28 may - Respublika günüdür. Əminliklə söyləyə bilərik ki, 88 il əvvəl əsası qoyulan Azərbaycan Demokratik Cumhuriyyətinin sükanı bu gün çox əmin əllərdədir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova deyib.

O qeyd edib ki, bu təşəbbüsün məhz Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyeva tərəfindən irəli sürülməsi heç də təsadüfi deyil: "Humanizm və insanpərvərlik Heydər Əliyev Fondunun başlıca məramlarındandır. Bu, Mehriban xanım Əliyevanın amnistiya aktının qəbul olunması ilə bağlı dördüncü belə təşəbbüsüdür. Bu günə qədər icra olunan digər 3 amnistiya qərarı onminlərlə ailəyə sevinc bəxş edib, minlərlə insan öz azadlığına qovuşaraq yenidən cəmiyyətə inteqrasiya olunmaq üçün şans əldə edib. Növbəti amnistiya təklifi də bu humanist əməllərin məntiqi davamıdır. Belə bir təşəbbüsün Heydər Əliyev Fondu tərəfindən irəli sürülməsi də qanunauyğundur və fondun yarandığı gündən bu günədək fəaliyyətinin hansı meyarlar və dəyərlərə söykəndiyinin növbəti isbatıdır".

Millət vəkili deyib ki, amnistiya aktı dövlətin humanizm siyasəti, vətəndaş-dövlət münasibətlərinə təsir göstərən vacib amildir: "Bu kimi təşəbbüslər vətəndaşları dövlətin onlara olan etibarının qarşılığında layiqli vətəndaş olmağa həvəsləndirir. Eyni zamanda, dövlətin humanist siyasətini xalq yüksək qiymətləndirir və bu da əhalinin ölkə rəhbərliyinə olan etimadını daha da artırır. Nəticədə, cəmiyyətdə qarşılıqlı hörmət və rəğbət, habelə qanunçuluq prinsiplərinə söykənən vətəndaş-dövlət münasibətləri formalaşır. Hesab edirəm ki, bu təşəbbüs Azərbaycan dövlətinin demokratik inkişafı yolunda çox əhəmiyyətli bir hadisə olmaqla yanaşı, həm də tarixi bir qərar olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə