"Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində status-kvo dəyişməlidir. Bunun ən yaxşı yolu Ermənistan silahlı qüvvələrinin işğal etdikləri tarixi Azərbaycan torpaqlarından çıxmasıdır". SİA-nın məlumatına görə, bunu Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov "Frans-24" kanalına müsahibəsində deyib.
Səfir E.Əmirbəyov qeyd edib ki, bunun üçün Azərbaycanın qarşısına heç bir ilkin şərt qoyula bilməz.
Səfirin sözlərinə görə, münaqişə bölgəsində hökm sürən hazırki status-kvo ondan ibarətdir ki, tarixən Azərbaycana məxsus olmuş torpaqlar – Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar Ermənistan silahı qüvvələri tərəfindən işğal altında saxlanılır.
Səfir bildirib ki, aprelin 5-də Azərbaycan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəislərinin Moskvada rus həmkarının iştirakı ilə əldə etmiş olduğu atəşkəsi Ermənistan hər gün fasiləsiz olaraq pozaraq Azərbaycan ərazilərinə - özü də azərbaycanlı mülki əhalinin yaşadığı məntəqələrə atəş açmaqda davam edir.
Elçin Əmirbəyov vurğulayıb ki, Vyanada Azərbaycan, Ermənistan dövlət başçılarının və həmçinin Fransa, ABŞ-ın və Rusiya rəsmilərinin iştirakı ilə keçirilən bu danışıqlarda Ermənistanı atəşkəs rejiminə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etməyə məcbur etmək lazımdır. Azərbaycan Vyana görüşündə qoşunlarının təmas xəttində Ermənistanın törətdiyi təxribatlardan sonra belə danışıqlar prosesinin yenidən bərpa edilməsinə və münaqişənin sülh yolu ilə həll olunmasına çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB