Adil Qəribov Metsamor AES-in ölkəmiz üçün ziyanından danışdı AÇIQLAMA
"Ümumiyyətlə, ermənilərin radioaktiv materialların qaçaqmalçılığı ilə həmişə məşğul olublar. Müxtəlif vaxtlarda belə faktlarla rastlaşmışıq. Sovet dövründə onların qanunsuz əməllərinə çətinliklər yaradılsa da, sonradan ermənilər bu işlə davamlı məşğul olmağa başladılar. Ermənistanın "çirkli bombalar"la Azərbaycanı təhdid etməsinə gəlincə, bu dövlət çalışır ki, aprel ayındakı acı məğlubiyyətlərinin əvəzini çıxsın. Bunun üçün də hədə-qorxu gəlməyə çalışır". Bunu SİA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov Metsamor AES-in region üçün təhlükəsi və ermənilərin nüvə silahı təhdidinə münasibət bildirərkən deyib.
İnstitut direktorunun sözlərinə görə, Metsamor AES-in zərərləri çox böyükdür: "Əgər onlar radioaktiv maddəni hansısa bir əraziyə, içməli su hövzələrinə, əhalinin sıx yaşadığı yerlərə atarlarsa bunun ziyanı böyük ola bilər. Hesab edirəm ki, bunun qarşısı almaq üçün ilk növbədə sərhəd-keçid məntəqələrində monitor və yaxud digər cihazların hər biri saz vəziyyətdə olmalıdır, nəzarət güclənməlidir. Eləcə də sərhəd zonasında mütəmadi olaraq radioasiya fonunu ölçmək lazımdır. Çünki bu hansısa nüvə silahı deyil. Radioaktiv maddə harasa atılarsa onu təmizləmək mümkündür. Yəni təmizləmə texnologiyası mövcuddur. Ona görə də nəzarəti gücləndirmək lazımdır. Bu məsələ haqqında əgər dəqiq sübutlar varsa, müvafiq təşkilatlar, beynəlxalq qurumlar qarşısında məsələ qaldırmalıdır".
A.Qəribov əlavə edib ki, Metsamor AES-də yaranan çatın heç bir qorxusu yoxdur: "Əgər AES-də hansısa bir problem baş verərsə, birinci növbədə Ermənistan özü təhlükə altında olacaq. Çünki qurğu bizdən 150 km məsafədədir. Amma bütövlükdə Ermənistan onun təsiri altında olacaq. Bizim sadəcə qorxduğumuz odur ki, Araz çayı çirklənməsin. Çünki Araz çayı çirklənərsə bizim içməli cəhətdən problemlərimiz olacaq. Amma bunun qardaş Türkiyə üçün, İran üçün ziyanı var. Bu mənada hesab edirəm ki, məsələyə beynəlxalq qurumlar tərəfindən ciddi baxılmalıdır. Təbii ki, bunun üçün də rəsmi müraciətlər olmalıdır. Beynəlxalq Nüvə Təhlükəsizliyi Sammitində ölkə Prezidenti İlham Əliyev bunu bütün dünyaya ictimaiyyətinə çatdırdı ki,vəziyyət olduqca təhlükəlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB