Siyavuş Novruzov: “Milli Şura”nın, AXCP-nin dağılmasının şahidi olacayıq” AÇIQLAMA

Siyavuş Novruzov: “Milli Şura”nın, AXCP-nin dağılmasının şahidi olacayıq” AÇIQLAMA

"Ümumiyyətlə, "Milli Şura"dan və AXCP-dən istefalar bundan sonra da davam edəcək. Çünki müxalifətin perspektivi olmadığına, söz, fikir azadlığı həmişə boğulduğuna görə oradan insanlar qaçır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

YAP İcra katibinin müavinin sözlərinə görə, "Milli Şura" artıq bir qrup şəxsin şəxsi əmlakına çevrilib. Əli Kərimli və digərləri bu qurumdan özlərinin bildiyi kimi istifadə edirlər. Müsavatı təmsil edənlərin böyük əksəriyyəti oranı tərk edib. Təbii ki, yerdə qalan insanlar da yavaş-yavaş oradan uzaqlaşacaqlar. Hesab etmirəm ki, Mehriban Vəzirin istefası Əli Kərimli ilə Cəmil Həsənlinin hansısa planının bir hissəsi olsun. Çünki onlarda elə bir potensial yoxdur ki, hansısa təşkilatdan kimisə özlərinə cəlb etsinlər. Əgər cəlb edə bilsəydilər elə oradan qaçanları əllərində saxlayardılar".

Siyavuş Novruzov bildirib ki, son bir ildə Əli Kərimlinin iki müavini istefa verib: "Hətta partiyanın idarə heyətinin üzvləri, rayon təşkilatının sədrləri istefa veriblər. Eyni hadisələr Əli Kərimlinin aktiv təmsil olunduğu Milli Şurada da baş verir. Əli Kərimli sosial şəbəkədə paylaşdığı statusu kimsə layk (like) etmirsə, onu özünə düşmən hesab edir və dərhal partiyadan uzaqlaşdırır. Kimsə onunla həmfikir deyilsə, alternativ fikir irəli sürürsə dərhal həmin addımı atır. Bu baxımdan da hesab edirəm ki, Əli Kərimli də, Cəmil Həsənli də eyni taleni yaşayırlar. Biz qısa müddətdə həmin təşkilatların dağılmasının şahidi olacayıq".

YAP rəsmisi əlavə edib ki, Əli Kərimli sadəcə olaraq xarici ölkələrin və xarici təşkilatların tapşırıqlarını yerinə yetirir: "O bununla da öz funksiyasını başa çatmış hesab edir. Çünki bu gün Azərbaycan müxalifətinin böyük əksəriyyəti Əli Kərimlini qəbul etmir. İstər parlamentə daxil olan partiyalar, istərsə də parlamentdə təmsil olunmayan partiyalar, hətta Müsavatın özü belə Əli Kərimlini qəbul etmir. Ona görə də bu şəxsin ətrafında 3-4 nəfər insan qalıb digərləri isə oradan uzaqlaşıb".

Bütün xəbərlər Facebook səhifəmizdə