Eldar İbrahimov: "Azərbaycanın tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır" AÇIQLAMA

Eldar İbrahimov: "Azərbaycanın tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır" AÇIQLAMA

"Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində çox böyük, önəmli yeri var. O, nadir şəxsiyyətlərdən biri olub". Bunu SİA-ya Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı fikirlərini bölüşərkən deyib.

Ulu Öndər Azərbaycanı geridə qalan respublikadan inkişaf etmiş ölkəyə çevirdi: "1976-cı ildə Ümummilli Lider Heydər Əliyev sanki bugünkü müstəqilliyimizi görürdü. O zaman SSRİ respublikaları arasında Azərbaycan yeganə respublika idi ki, Azərbaycan dili dövlət dili kimi Respublikanın Konstitusiyasına salındı. Bunun səbəbkarı məhz Ulu Öndər idi. Hətta o zaman Ukraynanın birinci katibi Heydər Əliyevə söyləmişdi ki, bununla nə etmək istəyirsən, indi biz də dilimizi konstitusiyaya salaq? Axı rus dili dövlət dilidir? O zaman Ulu Öndər bildirmişdi ki, bu sizin öz işinizdir, amma xahiş edirəm mənə mane olmayın. Dahi şəxsiyyətin böyük nüfuzu, apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dili Konstitusiyamıza dövlət dili kimi salındı".

Ümummilli Liderin Azərbaycan tarixindəki xidmətlərindən danışan E.İbrahimov Ulu Öndərin ölkəmizin tarixində böyük xidmətlərə malik olduğunu dilə gətirib: "Ümummilli Lider 1990-cı ildə Naxçıvan Ali Sovetinin deputatı seçildi. 1990-cı ilin noyabrın 17-də Naxçıvanda Ali Məclisin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını qaldırmaqla, ölkəmizin müstəqilliyinin əsasını qoyaraq bizə müstəqillik yolunu göstərdi. Ulu Öndər 1991-ci ilin sentyabrında Naxçıvan Ali Məclisinin sədri seçilməklə Naxçıvanı böyük bəlalardan, erməni işğalından qurtardı. O zaman Naxçıvanı nəinki Ermənistan, hətta Azərbaycanın o zamankı rəhbərləri də blokadaya salmışdı. Ancaq Ulu Öndər İrandan və Türkiyədən gələn yardımlarla Naxçıvan əhalisini yaşatdı. Hətta Naxçıvanın müdafiə komitəsini yaratdı. Aqrar sahədə çalışan bir insan kimi deyə bilərəm ki, 1992-ci ildə ilk dəfə torpaq islahatına məhz Naxçıvanda Ulu Öndər sayəsində başlanılıb".

Komitə sədrinin fikrincə, Ulu Öndər doğulanda sanki dövlət yaratmaq missiyası Ona tapşırılmışdı: "Dahi şəxsiyyət yox yerdən dövlət yaratdı. Bilirsiniz ki, 1993-cü ildə Gəncə hadisələri ilə əlaqədar olaraq Azərbaycan xalqı ayağa qalxaraq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb etdi. Xalqının belə çətin, acınacaqlı, dövlətçiliyimizin itirilmə təhlükəsinə Ulu Öndər biganə qala bilməzdi. Onun hakimiyyətə gəlişi ilə Azərbaycan inkişaf etməyə başladı. Ölkənin tərəqqisi üçün ilk növbədə əmin-amanlıq, sabitlik yaratmaq lazım idi və bir ildən sonra, 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs əldə edildi. Ulu Öndər Azərbaycanı qoçu dəstələrindən təmizlədi. O, ölkəmizi bölünməkdən xilas etdi. Azərbaycanda 1994-cü ilin 20 sentyabrında 11 transmilli şirkətin iştirakı ilə "Əsrin Müqaviləsi" bağlandı və bununla da Azərbaycanın neft strategiyasının əsası qoyuldu. Hazırda Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi- Ərzurum qaz kəmərləri var ki, bunun sayəsində artıq dünyaya neft və qaz ixrac edirik. Dünya ölkələri əməkdaşlıq üçün bizə daha çox müraciət edir. Azərbaycan qazı Yunanıstandan, Bolqarıstandan İtaliyaya qədər uzanır. Bu gün ölkəmiz Avropanın əsas enerji təminatçısıdır. Bütün bunlar Ulu Öndərin zamanında qoyduğu siyasət nəticəsində əldə olunan uğurlardır".

E.İbrahimov qeyd edib ki, aprel ayının əvvəllərində baş vermiş dördgünlük müharibədə də Ulu Öndər Heydər Əliyevin ölkəmizin müdafiə qüdrətinin artırılması istiqamətindəki siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildi və düşmənə layiqli cavab verildi: "İşğal olunmuş ərazilərimizin ən vacib yüksəklikləri ordumuz tərəfindən ələ keçirildi. Düşmən Azərbaycanın nə qədər güclü olduğunu bir daha gördü. Azərbaycan Ordusu 3-4 gün ərzində mümkün olan hər şeyi etdi. Ölkə Prezidenti İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi müdafiə sahəsindəki qüdrətimizi düşmənə, eləcə də bütün dünyaya göstərmiş oldu. Artıq dünya ölkələri başa düşdü ki, Azərbaycan qüdrətli dövlətdir və onun güclü müdafiəsi, iqtisadiyyatı var. Təbii ki, güclü iqtisadiyyatı, müdafiə qabiliyyəti olan bir dövlətin güclü siyasəti də olur. Azərbaycan ərazicə böyük dövlət olmasa da bu gün bir çox ölkələrin başçıları Azərbaycan Prezidenti ilə hesablaşıb, onun fikrini qəbul edirlər. Azərbaycanın dünya ölkələri arasında böyük nüfuz qazanması Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin uğurla davam etdirilməsinin nəticəsidir".

YAP İdarə Heyətinin üzvü vurğulayıb ki, Prezident İlham Əliyev əsası Ulu Öndər tərəfindən qoyulan müstəqil Azərbaycan dövlətini daha da inkişaf etdirir: "Ölkə başçısı və onun xanımının mayın 1-də cəbhə bölgələrində olub, yaralılara baş çəkməsi ağır günlərdə xalqının yanında olduğunu bir daha göstərmiş oldu. Ümummilli Lider elə bir dövlət yaradıb ki, bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev bu siyasəti yüksək səviyyədə davam etdirir. Uğurlarımız çoxdur. Bu uğurları məhz Ulu Öndər sayəsində əldə etmişik. Bu gün biz Prezident İlham Əliyevin sayəsində Ulu Öndərin qoyduğu ideyaların yaşaması ilə sözümüzü dünya səviyyəsində deyə bilirik".

Bütün xəbərlər Facebook səhifəmizdə