“ADA” Universitetinin məzun buraxılışı keçirilib

"Gülüstan" sarayında "ADA" Universitetinin məzun buraxılışı və "Vətəndaşlıq və sosial məsuliyyət: qəhrəmanlar unudulmur" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.

"ADA" Universitetinin prorektoru Emin Hüseynov bildirib ki, bu gün universitet üçün böyük hadisədir. Bu il bakalavr üzrə ilk buraxılışdır.

"Beynəlxalq təhsil sənəti" bakalavrı üzrə 20, "Biznes idarəçiliyi" bakalavrı üzrə 38 məzun buraxılır. Həmçinin 2 ixtisas üzrə 29 magistr olub. Onlar Azərbaycan, Əfqanıstan, Yaponiya, Keniya, Monteneqro, Qırğızıstan, Rusiya, Serbiya,Suriya, Zambiya ölkələrindəndir. Məzunlara diplomlar təqdim edilib.

ADA" Universitetinin 10 illik yubileyi ilə əlaqədar çıxış edən akademik Roald Saqdeyev universitetin rektoru, professor Hafiz Paşayevlə onun hələ müstəqil Azərbaycanın Birləşmiş Ştatlarda ilk səfiri olarkən görüşlərini, söhbətlərini xatırladıb.

Diqqətə çatdırıb ki, söhbətlərdən birində Hafiz Paşayev öz arzusunu bölüşüb və bu arzusunun Azərbaycanda diplomatik akademiyanın açılması olduğunu bildirib; "Bu gün isə bu arzu artıq reallığa çevrilib və "ADA" Universiteti öz 10 illik yubileyini qeyd edir".

"Mən bu arzunun gerçəkləşəcəyinə inanırdım, amma özümün burada dərs deyəcəyimi təsəvvür etməzdim", - deyən Roald Saqdeyev çıxışını Benjamin Franklinin "Öz pul kisəni beyninə boşalt. Biliyə sərmayədən yaxşı heç nə yoxdur" sözləri ilə yekunlaşdırıb.

"ADA" Universitetinin rektoru Hafiz Paşayev universitetin ilk bakalavr sinfinin məzun olması münasibətilə sevinc hissi keçirdiklərini bildirib.

Qeyd edib ki, tədbirin bu əzəmətli sarayda keçirilməsinin rəmzi mənası var: "Belə ki, 1994-cü ildə "Gülüstan" sarayında "Əsrin müqaviləsi"nin imzalanması olub. Məhz bu zalda uzaqgörən lider Heydər Əliyev müasir Azərbaycanın təməl daşını qoyub. Məhz burada ölkənin "qara qızıl" sərvətinin çətinliklə qazanılmış müstəqilliyimizin möhkəmlənməsinə yönəlməsi haqda qərar imzalanıb. Onun nəticəsidir ki, bu məkanda keçirilən mərasim "insan qızılı" haqqındadır".

Prezident İlham Əliyevin Diplomatik Akademiyanın yaradılması ilə bağlı tapşırığından söhbət açan Hafiz Paşayev o vaxt bu istiqamətdə atılan addımlardan danışıb.

Qeyd edək ki, "ADA" Universitetinin tələbələri tədris ili ərzində vətəndaşlıq məsuliyyəti və ictimai fəallığa istiqamətlənən layihələr həyata keçirir.

Bu il də istisna olmayıb. Ən yaxşı layihələr müəllim və tələbələrdən ibarət münsiflər heyəti tərəfindən seçilib və Hacı Zeynalabdin Tağıyev adına mükafata layiq görülüb. Builki qaliblər 22 layihə arasından seçilib.

Mükafata layiq görülən layihələrlə tanışlıqdan sonra Hacı Zeynalabdin Tağıyev mükafatının təqdimatı keçirilib. İki layihə birinci yerə layiq görülüb.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış edib.

Məzunları və valideynləri təbrik edən Mehriban Əliyeva ölkəmizdə təhsil sahəsinə göstərilən diqqətdən danışıb.

Hər bir ölkənin, millətin gücünün onun intellektual potensialında olduğunu deyən Azərbaycanın birinci xanımı ölkəmizin bütün sahələrdə inkişaf etdiyini bildirib.

Tədbirdə Müslüm Maqomayevin "Azərbaycan" mahnısı səslənib. Mərasim atəşfəşanlıqla yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...