Politoloq: “Mövcud status-kvonun qalması böyük güclərin maraqlarına uyğundur” AÇIQLAMA

"ABŞ-ın dövlət katibi Con Kerri bazar ertəsi Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan ilə telefon söhbəti edib və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edib. Maraqlıdır kı, dünya gücləri həmişə münaqişənin sülh yolu ilə həll olunmasının zəruriliyini bildirsələr də, problemin nizamlanması üçün Ermənistana heç bir təzyiq etmirlər. 20 ildən çoxdur ki, ABŞ, Rusiya kimi dövlətlər eyni, standart bəyanatlar verirlər. Lakin, onlar anlamalıdırlar ki, BMT və digər təşkilatların qətnamələri var və erməni tərəfi tez bir şəkildə işğal etdiyi torpaqlardan geri çəkilməlidir". Bu fikirləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, münaqişənin sülh yolu ilə həllini tapması üçün kifayət qədər vaxt olub: "Lakin, Ermənistan tərəfi həmişə qeyri konstruktivlik nümayiş etdirir. Görünür münaqişənin bu vəziyyətdə qalması böyük güclərə də sərf edir. Dünya ictimaiyyəti anlamalıdır kı, mövcud status-kvo həmişə qala bilməz və münaqişəni tez bir zamanda həll etmək lazımdır. Əks təqdirdə Azərbaycan müharibəyə başlayaraq öz torpaqlarını geri qaytaracaq".

Politoloqun sözlərinə görə, ABŞ anlamalıdır kı, Azərbaycan həqiqətən də Qərb ölkələrinin etibar edə biləcəyi stabil tərəfdaşdır: "Avropanın enerji təhlükəsizliyinin təminatında Xəzər regionu çox önəmlidir. Lakin, məsələ burasındadır kı, MDB məkanında son və əsas söz Rusiyaya məxsusdur. Ona görə də ABŞ-ın münaqişələrə və problemlərə nüfuzu istəniləndən daha azdır. Düşünürəm ki, Qərb və xüsusilə ABŞ Rusiya ilə birgə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında irəliləyiş əldə edilməsi üçün həlledici rol oynaya bilərlər. Bu, ən yüksək səviyyədə nizamlanma prosesinə müdaxilə edilməsi halında ola bilər".

"ABŞ-ın münaqişədə öz təsir gücünü Rusiyaya çatdırmaq istəyi məsələsinə gəldikdə isə, düşünmürəm ki, münaqişənin həlli ABŞ və yaxud Rusiya üçün prioritetdir. Mövcud status-kvonun qalması böyük güclərin maraqlarına uyğundur".

Bütün xəbərlər Facebook səhifəmizdə