Əbülfəs Qarayev: "Forumda 2 gün ərzində 41 tədbir təşkil olunub"

BMT Sivilizasiya Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu çərçivəsində mətbuat konfransı keçirilib. SİA-nın xəbərinə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, foruma 120 ölkəni təmsil edən 805 rəsmi nümayəndə qatılıb. Onun sözlərinə görə, 2 gün ərzində 41 tədbir təşkil olunub, 250-dən çox natiq çıxış edib: "Forumu geniş ışıqlandırdığına görə, mətbuat nümayəndələrinə təşəkkür edirəm. 120 mətbu orqan qeydiyyatdan keçib. Bu ana qədər internet saytlarında forumla bağlı 3542 xəbər yerləşdirilib. Televiziyalarda 130-a yaxın material hazırlanıb".

Nazir qeyd edib ki, münaqişələrin həlli üçün BMT yaxşı platformadır: "BMT bunlarla bağlı qərar və qətnamələr qəbul edir. Bəzi qətnamələr dərhal icra olunur, bəziləri isə arxa plana atılır. Bakı Bəyannaməsində göstərilən qarşılıqlı anlaşma, dialoq, dostluq kimi dəyərlər geniş yayılsa və qəbul olunsa, o zaman evlərini itirən, işğaldan əziyyət çəkən insanların dərdlərinə son qoyulacaq. Çalışmalıyıq ki, münaqişələr gələcək nəsillərə qalmasın".

Daha sonra məlumat verən BMT Sivilizasiya Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl Naser deyib ki, forum çox uğurlu olub: "Tədbirin bağlanış mərasimində Məşvərət Şurasının yaradılması elan ediləcək. Şurada dini, siyasi dairələrin nümayəndələri, vətəndaş cəmiyyətinin üzvləri, elm xadimləri iştirak edəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə