Azərbaycanda sahibkarlığın inkişafı Heydər Əliyevin adı ilə bağlıdır
Hər bir xalqın inkişafında və tərəqqisində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlər yetişir. Heç şübhəsiz Azərbaycan xalqı da, bu baxımdan tarixi şəxsiyyətlər yetişdirib və Ulu öndər Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Məhz xalqımız üçün göstərdiyi misilsiz xidmətlər Heydər Əliyevi Ümummilli lider zirvəsinə yüksəldib. Bu xidmətlərin nəticəsidir ki, hər il 10 may tarixi xalqımız tərəfindən milli bayram səviyyəsində qeyd olunur. Qarşıdan Ulu öndərimizin anadan olmasının 93 illiyi gəlir və bütün ölkə vətəndaşları bu əlamətdar günün təntənəsini yaşayır. Çünki bugünkü müasir Azərbaycan Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır və dahi şəxsiyyət bütün ömrünü xalqımızın inkişaf və tərəqqisinə həsr edib. Həm sovetlər dönəmində, həm də müstəqillik illərində Ulu öndərimizin fəaliyyəti məhz bu amala xidmət edib.
Ulu öndər Heydər Əliyev Azərbaycanın iqtisadiyyatının inkişafı üçün tarixi qərarlar verib
1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi və ölkəmizdə ictimai-siyasi sabitlik bərpa olundu. Bundan sonra isə iqtisadiyyatın inkişafı üçün mühüm tədbirlərə başlanıldı. Çünki iqtisadiyyatı inkişaf etdirmədən hər hansı uğurdan danışmaq mümkün deyildi. "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" deyən, Ulu öndər Heydər Əliyev Azərbaycanın iqtisadiyyatının inkişafı yolunda tarixi qərarlar verərək həmin qərarların reallaşması istiqamətində mühüm tədbirlər həyata keçirdi.
Təbii ki, iqtisadiyyatın inkişafında sahibkarların rolu danılmazdır. Ulu öndərimizin rəhbərliyi ilə iqtisadi və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlığın formalaşmasına güclü təkan verdi. Heydər Əliyev hər zaman azad sahibkarlığın inkişafına daim diqqət göstərmiş və respublikamızın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirmişdi. Bu da onu deməyə əsas verir ki, həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirməsinə, ölkənin sosial - iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlmişdi. Bu məqsədlə qanunvericilik bazasının formalaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, maliyyə dəstəyinin göstərilməsi və digər sahələrdə mühüm əhəmiyyətli addımlar atılıb.
Sahibkarlığın inkişafı istiqamətində Ulu öndər Heydər Əliyev tərəfindən təsdiq olunmuş dövlət proqramları da böyük əhəmiyyət kəsb edir. Belə ki, bu baxımdan 1993-cü ildə təsdiq edilmiş "Azərbaycanda sahibkarlığın inkişafı (1993-1995)" və 1997-ci ildə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi proqramı (1997—2000-ci illər)" xüsusi vurğulanmalıdır. Bu proqramlar çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilib, sahibkarlara dövlət maliyyə köməyi sistemi təşkil edilib. İqtisadiyatın ümumi inkişafı ilə yanaşı ölkənin aqrar sahəsinin də inkişafı daim Ulu öndərin diqqət mərkəzində olub. Hələ 1994-cü il dekabırın 10-da keçirilmiş "Aqrar islatat: problemlər və onların həllin yolları" mövzusunda beynəlxalq konfrasda çıxış edən Ümummilli lider demişdir: "... Biz islahatçı qüvvələrə yol açmalı, islahatları cəsarələ həyata keçirməliyik. Ən əsas prinsiplərdən biri odur ki, gərək xalqımıza, xususən kasıb təbəqəyə, kəndlilərə, daim torpağa bağlı adamlara zərər vurulmasın, əksinə xeyir gətirilsin. İslahatlar yeni sahibkarlar yaradacaq, ancaq aqrar bölmə ilə bağlı hər bir adam öz payını almalıdır. Bu islahatlar xalqımızın ümumi rifahinın qaldırılması üçün həyata keçirilməlidir". Belə də oldu. Ölkədə aparılan məqsədyönlü aqrar islahatlar nəticəsində 4270 kənddə yaşayan 850 mindən çox ailə torpaq mülkiyyətçisinə çevrildi, bu torpaqlardan səmərəli istifadə olunması üçün onlar dövlət qayğısı ilə əhatə olundular.
Şübhəsiz ki, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazasının yaradılması sahəsində qəbul edilən sənədlərdə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa hüquqi təminatın verilməsi və rəqabət mexanizminin formalaşması, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapıb. Bu sənədlər iqtisadiyyatın bütün sahələrini əhatə etməklə azad rəqabətin təmin olunmasına və iqtisadiyyatın dinamik inkişafına xidmət edib. O da məlumdur ki, ölkəmizin əlverişli coğrafi mövqeyə, zəngin təbii sərvətlərə, fauna və floraya, gözəl iqlim şəraitinə malik olması iqtisadiyyatın inkişafında əsas amillərdən biridir. Bəzi dünya ölkələrinin təcrübəsindən də görmək olar ki, bazar iqtisadiyyatına keçmək üçün ilk növbədə dövlət mülkiyyətini özəlləşdirmək lazımdır. Bununla da azad sahibkarlığın inkişafına nail olmaq olar. Bu da bazarda sahibkarlar arasında rəqabətin yaranmasına, istehlak bazarında mövcud qıtlığın aradan qaldırılmasına, əhalinin məşğulluğunun artmasına səbəb olur. Azərbaycan Respublikasının "Sahibkarlıq haqqında" (1996) , "Torpaq islahatı haqqında" (1996) qanunlarının qəbul olunması bir daha göstərir ki, azad sahibkarlığın inkişafına dövlət hər cür dəstək olur. Ölkəmizdə istər yerli, istərsə də xarici vətəndaşlar, bir sözlə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir kəs qanunvericilikdə qadağan olunmayan bütün təsərrüfat formaları ilə məşğul ola bilərlər.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə sahibkarlığın inkişafında dövlət nəzarət sisteminin təkmilləşdirilməsinin özünəməxsus rolu olub. Məlum olduğu kimi iqtisadi canlanmanın vüsət aldığı dövrdə nəzarət işləri ilə məşğul olan dövlət orqanlarının fəaliyyəti ümumilikdə respublikanın iqtisadi böhrandan çıxmasında subyektiv maneələr yaradır, iqtisadi islahatların tələblərinə cavab vermir və çox vaxt sahibkarlığın inkişafına süni maneçilik törədirdi. Buna görə də bu problem müdrik siyasətçi Heydər Əliyev tərəfindən xüsusi nəzarətə götürülüb və qısa müddətdə kompleks tədbirlərin həyata keçirilməsinə başlanılıb. İlk addım kimi dövlət başçısı tərəfindən 17 iyun 1996-cı il tarixli "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" Fərman imzalanıb. Məqsəd iqtisadi münasibətlərin səviyyəsinə uyğun müvafiq dövlət nəzarət mexanizmini tətbiq etmək, həmin nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaq idi. Fərmanın imzalanmasından bir müddət sonra dövlət nəzarətinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli işlər görülmüşdür. Belə ki, iqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azalmış, bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərən bir sıra halların qarşısı alınmış, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərinin qorunması məqsədi ilə həm qanunvericilik, həm də inzibatçılıq sahəsində müəyyən tədbirlər keçirilib.
Bütün bunlarla yanaşı hələ də bəzi sahələrdə mövcud olan çatışmazlıqların tam aradan qaldırılması və iqtisadiyyatın inkişafı üçün dövlət nəzarəti sahəsində həyata keçirilən islahatların davamlı olmasını zəruri edirdi. Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşının alınması, korrupsiya, rüşvətxorluq və digər vəzifədən su istifadə halları ilə mübarizənin genişləndirilməsi məqsədilə ölkə prezidenti tərəfindən 7 yanvar 1999-cu il tarixli "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" Fərman imzalanıb.
1993-cü ildən Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrin həcmi davamlı şəkildə artıb
Sahibkarlığın inkişafının mühüm şərtlərindən biri olan infrastrukturun formalaşdırılması sahəsində vacib işlər görülüb, sahibkarlara zəruri texniki yardım - məsləhət, informasiya və s. xidmətlər göstərən strukturlar yaradılıb.
1993-cü ildən Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrin həcminin ilbəil sürətlə artması ölkəmizdə həm daxili, həm də xarici investisiya üçün yaradılan əlverişli mühitin məntiqi nəticəsidir. Xarici investisiyanın ölkəmizə cəlb olunması Ümummilli lider Heydər Əliyevin apardığı uzaqgörən siyasət sayəsində mümkün olub. Ulu öndərin bu sahədə verdiyi tövsiyə və tapşırıqları əldə rəhbər tutaraq xarici investisiya haqqında təkmil qanunvericilik bazası yaradılıb. Xarici investisiyaların cəlb olunması və qorunması istiqamətində atılan addımlar Azərbaycanla müxtəliv ölkələr arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlərin təsdiq edilməsi ilə bağlıdır.
Qeyd edək ki, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik aktlarında da təkmilləşmələr aparılıb. Belə ki, 2 sentyabr 2002-ci ildə Ulu öndər Heydər Əliyevin imzaladığı "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü sürətdə təkmilləşdirilib.
Ümumiyyətlə, Ulu öndər Heydər Əliyev sahibkarların problemləri ilə müntəzəm maraqlanaraq onlarla mütəmadi görüşlər keçirib və iş adamlarını narahat edən məsələlərin aradan qaldırılması sahəsində ciddi tədbirlər reallaşdırıb. Bu tipli görüşlərə misal olaraq 2002-ci ilin aprel-may aylarında yerli və xarici iş adamları ilə görüşləri göstərmək olar. Bu görüşlərdə sahibkarlığın inkişaf yolları araşdırılıb, inkişafa mane olan problemlərin həll olunması üçün konkret tədbirlər müəyyənləşdirilib. 25 aprel 2002-ci ildə keçirilən görüşdə Ulu öndər Heydər Əliyev bildirib: "Azərbaycan dövlətinin iqtisadi siyasəti Azərbaycanın iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirməkdən ibarətdir. Bunun üçün biz 1995-ci ildən başlayaraq ardıcıl surətdə lazım olan iqtisadi islahatları həyata keçiririk. Biz bu gün məmnuniyyət hissi ilə deyə bilərik ki, artıq bizim iqtisadi siyasətimiz, həyata keçirdiyimiz tədbirlər öz müsbət nəticəsini verir və verməkdədir". Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi kimi imzalanmış çox mühum fərman və sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoyub.
Azərbaycanda "Sahibkarlar Günü"nün təsis edilməsi sahibkarlığın inkişafına dövlət qayğısının daha bir parlaq nümunəsidir
Beləliklə, Azərbaycanda sahibkarlığın inkişafının təməlinin Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulması birmənalı faktdır. Əsası Ulu öndərimiz tərəfindən qoyulmuş bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu baxımdan, Prezident İlham Əliyevin 21 aprel 2016-cı ildə Azərbaycan Respublikasında "Sahibkarlar Günü"nün təsis edilməsi haqqında imzaladığı Sərəncam böyük əhəmiyyət kəsb edir. Bu sərəncamla hər il 25 aprel tarixi ölkəmizdə "Sahibkarlar Günü" kimi qeyd olunacaq. Yəqin ki, 25 aprel tarixinin bu məqsədlə seçilməsi təsadüfi deyil və Ulu öndər Heydər Əliyevin 25 aprel 2002-ci ildə ölkə sahibkarları ilə keçirdiyi tarixi görüşün önəmi baxımından rəmzi xarakter daşıyır. Eyni zamanda, bu Sərəncam Azərbaycanda sahibkarlığın inkişafına dövlət qayğısının daha bir parlaq nümunəsidir.
Ümumiyyətlə, ölkədə ardıcıl həyata keçirilən islahatlar nəticəsində respublika həyatında bütün sahələrdə olduğu kimi sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edilib. Ölkədə sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılıb və bu da sahibkarlıq mühitinin daha da əlverişli olmasına şərait yaradıb. Yeni iqtisadi şəraitdə, yəni iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi yönündə həyata keçirilən tədbirlərdə ölkə sahibkarlarının da üzərinə böyük vəzifələr düşür. Çünki qarşıda dayanan əsas hədəflər sırasında qeyri-neft sektorunun daha dinamik inkişafı mühüm yer tutur. Dünyada maliyyə-iqtisadi böhranının davam etməsi, neftin qiymətinin kəskin aşağı düşməsi qeyri-neft iqtisadiyyatının sürətli inkişafını zəruri edir ki, Prezident İlham Əliyevin hazırda həyata keçirdiyi siyasət nəzərdə tutulan hədəflərə çatmağa tam imkan verir.
Bu istiqamətdə Prezident İlham Əliyev sahibkarlığın inkişafına xidmət edən mühüm qərarlar qəbul edib. Belə ki, dövlət başçısı tərəfindən 2015-ci il 19 oktyabr tarixində "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" Fərman imzalanıb. Dövlət başçısının bu Fərmanı sahibkarlar tərəfindən rəğbətlə qarşılanıb. Eləcə də, bu ilin əvvəlində verilən qərarlar, Milli Məclis tərəfindən qəbul olunan bir sıra qanunlar sahibkarlığın inkişafına xidmət edir.
Bu il yanvarın 26-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı" Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev 2004-cü ildən etibarən həyata keçirilən bu proqramlar çərçivəsində sahibkarlığın inkişafına böyük dəstək verildiyini bildirib: "Biz sahibkarlığın inkişafına böyük dəstək vermişik. Güzəştli şərtlərlə 1,7 milyard manat kreditlər verilmişdir. Əgər biz bu ili də nəzərə alsaq 2 milyard manat təşkil edəcək".
Onu da qeyd edək ki, təkcə bu ilin birinci rübündə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 40 milyon manatdan çox güzəştli kredit verilib. Sahibkarlığın inkişafı ilə bağlı dövlət başçısının verdiyi mühüm qərarlar biznes mühitinin yaxşılaşdırılması istiqamətində yeni mərhələnin başlanğıcıdır.
Sözügedən konfransda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, ötən ilin sonlarında sahibkarlığın inkişafı ilə bağlı dövlət başçısının verdiyi mühüm qərarlar biznes mühitinin yaxşılaşdırılması istiqamətində yeni mərhələnin başlanğıcı olub. Belə ki, sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsinə və "Elektron lisenziya" portalının yaradılmasına başlanılıb. Nazir qeyd edib ki, özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ötən il 5243 sahibkara 248,5 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 12600-dək yeni iş yerinin açılması üçün şərait yaradılıb: "Kreditlərin 40 faizi büdcə, 60 faizi isə qaytarılmış vəsaitlər hesabına verilib. Həmin kreditlərin 64 faizi regionların payına düşür. Regionlarda sahibkarların uzun illərdir banklarda üzləşdikləri girov probleminin həlli üçün kiçik həcmli güzəştli kreditlərin girovsuz verilməsi məqsədilə 32 bank olmayan kredit təşkilatı əməkdaşlığa cəlb edilib və onların vasitəsilə 7 minədək fermerə 53 milyon manat kredit verilib".
Onu da qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən qarşıdakı illər üçün hər bir regionun iqtisadi potensialı və əhalinin məşğulluq səviyyəsi nəzərə alınmaqla ilkin dəyəri 1,5 milyard manat olan 150-dən çox investisiya layihəsi hazırlanıb. Bu layihələrin icrasına Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri, yerli və xarici investisiyalar cəlb olunacaq. Onu da xüsusi vurğulamaq lazımdır ki, dövlət başçısının investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı qəbul etdiyi qərarlar sahibkarlığın daha da inkişafına və xarici investisiyaların cəlb edilməsinə, qeyri-neft ixracının artırılmasına səbəb olacaq və bununla da həm regionların, həm də ümumilikdə qeyri-neft sektorunun inkişafına güclü təkan verəcək.
Prezident İlham Əliyev bildirib ki, 2016-cı il çox ciddi islahatlar ili olacaq: "2016-cı il çox ciddi iqtisadi islahatlar ili olmalıdır və olacaq. Artıq müvafiq qərarlar qəbul edilib, qanunvericiliyə dəyişikliklər olunub. Mən bir neçə fərman, sərəncam imzalamışam. Əlavə sərəncamlar imzalanacaq ki, biz bu il iqtisadiyyatımızı daha da gücləndirək. Bu islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı şəffaflığına görə dünyanın aparıcı ölkələrinin iqtisadiyyatlarından fərqlənməsin".
Beləliklə, həyata keçirilən tədbirlər çox böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin "ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq həyata keçirdiyi tədbirlər biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün müstəsna rol oynayır. Öz növbəsində sahibkarlar da bu diqqət və qayğı nəticəsində daha geniş fəaliyyət göstərməli və ölkə iqtisadiyyatının inkişafı üçün öz töhfələrini daha da artırmalıdırlar.
Minarə Hacıyeva
"İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB