"Dörd günlük müharibənin ən böyük əhəmiyyətlərindən biri də o oldu ki, müharibə metodu Dağlıq Qarabağ münaqişəsini tənzimləyən vasitə kimi legitimləşdi". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq qeyd edib ki, Türkiyənin Azərbaycanla bağlı mövqeyi kifayət qədər aydın və müzakirə edilməzdir: "Türk rəsmilər bəyanatlarında Azərbaycanı müharibəyə girməyə təhrik etmədiklərini, amma istənilən an dəstək verməyə hazır olduqlarını dedilər. Gürcüstan hakimiyyəti bu məsələdə iki yerə bölündü: bir hissəsi neytral qaldı, amma gürcü müdafiə naziri müharibəni dayandırmaq üçün Azərbaycana təzyiqlər etməyə çağırdı. İran prezidentinin siyasi məsələlər üzrə köməkçisi münaqişənin Azərbaycanın ərazi bütövlüyü üstün götürülməklə dinc yolla həll olunmalı olduğunu bildirdi. İranın xarici işlər nazirliyi tərəfləri atəşkəsə çağırdı, amma Azərbaycanın ərazi bütövlüyü prinsipi unuduldu. Avrasiya İqtisadi Birliyinin İrəvanda keçiriləcək toplantısında digər iştirakçı ölkələr gəlməsə də, iranlı nazir iki gün İrəvanda oldu. İran azərbaycanlıları döyüşmək üçün hər an hazır olduqlarını nümayiş etdirdi. Müharibə dövründə qonşu dövlətlərin sərgilədiyi mövqe Azərbaycana diplomatik yöndə fəaliyyətini formalaşdırmaqda yardımçı olacaq".
Mərkəz rəhbərinin sözlərinə görə, Ermənistana vətəndaş cəmiyyətinin, xalq hakimiyyətinin möhkəmləndirilməsi adı ilə xaricdən ayrılan qrantlar seperatçılığa xidmət etdiyi bəlli oldu: "Bu müharibə diplomatik sahədə, xüsusən Avropa ilə yenidən işləməli olduğumuzu göstərdi. Cəmiyyətdə ən böyük fikir o olmalıdır ki, bu müharibə bizim təkbaşına əldə etdiyimiz qələbədir. Ermənistan ordusunun hərbi imici dağılmağa başladı. Avropa dövlətləri Azərbaycan tamam ayrı gözlə baxacaqlar. Erməni əsgərinin məğlubedilməzlik mifi sındırıldı. Qeyrətli Azərbaycan əsgəri sübut etdi ki, ermənilər həm də hərbi sahədə yalan danışır. Xalqımıza, dövlətimizə, prezidentimizə inanmalıyıq".
Yenilənmiş Madrid prinsiplərində Dağlıq Qarabağın hüquqi statusunun müəyyən edilməsi üçün ictimai müzakirələr nəzərdə tutulduğunu deyən Mübariz Əhmədoğlu orada referendum termininin olmadığını söyləyib: "Azərbaycan Kəlbəcərin və Laçının 60-70 kəndinin qaytarılmasında 5 il yubanmaqla gələcəkdə Dağlıq Qarabağın hüquqi statusunun müəyyən edilməsində 10-15 il vaxt uda bilər. Statusun müəyyən olunmasında kifayət qədər asta hərəkət etmək lazımdır. Çünki demoqrafik vəziyyət cəhətdən tarazlıq hazırki vəziyyətdə Ermənistan tərəfdədir".
Mübariz Əhmədoğlunun fikrincə, əvvəlki dövrlə müqayisədə Rusiyanın mövqeyi xeyli anti-erməniləşərək azərbaycanpərəstliyə doğru irəliləyib: "Bu ilk növbədə Putinin hesabınadır. Ermənilər Rusiya mətbuatında xeyli gücə malikdir. Ermənilər Rusiyanı Azərbaycana silah satmaqda günahlandırdı və cavabını da aldı. Putin bu hərbi əməliyyatlarla bağlı Azərbaycana qarşı hər hansı təzyiqedici ifadələr işlətmədi. Bildirdi ki, Rusiya münaqişənin həll olunmasında əlindən gələn dəstəyi davam etdirəcək. Türkiyə və İran birləşsə Rusiyanın Yaxın Şərqə gedən yolu bağlana bilər. Türkiyə ilə İranı isə birləşdirən yeganə dövlət Azərbaycan ola bilər. Bu baxımdan Rusiya Azərbaycanla daha ehtiyatlı davranır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB