Stokholmda işğalçılıq siyasətindən danışılıb

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İsveçə səfəri çərçivəsində Stokholmda fəaliyyət göstərən Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunda görüş keçirib. SİA-nın məlumatına görə, tədbirdə institutun direktoru Svante Kornel, İsveç Parlamentinin keçmiş üzvü, ATƏT-in Parlament Assambleyasının sabiq prezidenti Qoran Lenmarker, Stokholm Türkiyə Araşdırmaları İnstitutunun rəhbəri Paul Levin, habelə İsveçin Müdafiə Tədqiqatları Mərkəzi, İsveç İnkişafa Yardım Agentliyi, Malmo Universiteti və İsveç Beynəlxalq Liberal Mərkəzinin təmsilçiləri iştirak ediblər.

Xalqımızın müstəqillik uğrunda apardığı mübarizədən, Azərbaycanın keçdiyi tarixi yoldan və bugünkü iqtisadi inkişafından danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, həmçinin, ölkəmizdə uğurla aparılan multikulturalizm və tolerantlıq siyasətindən bəhs edib.

Aprel ayının 2-dən başlayaraq Ermənistan-Azərbaycan qoşunların təmas xəttində baş verən toqquşmalara diqqəti yönəldən Mübariz Qurbanlı əslində bu hadisələrin Ermənistanın uzun illər davam edən işğalçılıq siyasətinin tərkib hissəsi olduğunu bildirib. Münaqişənin tarixinə nəzər salan Komitə sədri qeyd edib ki, Sovet İttifaqının dağılmağa başladığı dövrlərdə, yəni 1988-ci ildən başlayaraq Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində əzəldən bu ölkədə yaşayan 250 mindən artıq azərbaycanlı öz dədə-baba yurdlarından didərgin salınıb. Sonra isə Ermənistan hərbi birləşmələri müstəqil Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonunu zəbt edib. Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş ərazilərdə 1 milyondan artıq azərbaycanlı öz ev-eşiyini itirib. Hazırda həmin ərazilərdə Azərbaycana məxsus bütün mədəni abidələr, eləcə də təbii sərvətlər ermənilər tərəfindən amansizcasına talan edilir.

Birləşmiş Millətlər Təşkilatın Təhlükəsizlik Şurasında münaqişə ilə bağlı 4 qətnamənin qəbul olunduğunu və bu qətnamələrin hər birində erməni silahlı birləşmələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmalarının tələb edildiyini xatırladan Mübariz Qurbanlı deyib ki, Ermənistan bu qətnamələrə məhəl qoymur, işğalçılıq siyasətini bu gün də davam etdirir.

Azərbaycanın münaqişəni sülh və danışıqlar yolu ilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə çalışdığını vurğulayan komitə sədri ötən illər ərzində Ermənistan hökumətinin həmişə destruktiv mövqe tutduğunu, bunun nəticəsi olaraq münaqişənin bütün regionun inkişafına mənfi təsir etdiyini bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində ölkəmizin böyük iqtisadi və siyasi nailiyyətlərə imza atdığı, Azərbaycanın bu gün Qərbin enerji təhlükəsizliyində mühüm rol oynadığı qeyd edilib. Eyni zamanda, Azərbaycanda tarixən formalaşmış dini tolerantliq və mədəniyyətlərarası dialoqun bu gün Prezident İlham Əliyev tərəfindən dövlət siyasətinə çevrildiyini və bunun bariz nümunəsi olaraq 2016-ci ilin ölkəmizdə "Multikulturalizm ili" elan edildiyini də tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Mübariz Qurbanlı Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşdırılması, hökumətin həyata keçirdiyi din siyasəti və rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı tədbir iştirakçılarının çoxsaylı suallarını da cavablandırıb.

Tədbirin sonunda isə Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımından, olkəmizdə dini tolerantlıqdan bəhs edən kitablar İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutuna hədiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...