“Hazırda Dağlıq Qarabağda 1992-ci ilə kimi orada yaşamış erməni yoxdur” MÜSAHİBƏ
SİA "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcması" İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Elçin Əhmədovla müsahibəni təqdim edir:
Azərbaycan ordusu dörd günlük uğurlu hərbi əməliyyatlar apardı. Bu amil danışıqlar prosesində ölkəmizə hansı üstünlüklər qazandırdı?
Bildiyiniz kimi, aprelin 1-dən 2-nə keçən gecə Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təcavüzü baş verdi. Ermənistan silahlı qüvvələri cəbhə xəttində yerləşən mövqelərimizə hücum çəkdi və təmas xəttinə yaxın yerlərdə yerləşən yaşayış məntəqələrini atəşə tutdular. Artıq neçənci dəfədir ki, Ermənistan bu cür təxribatlara əl atır. Bu təcavüz nəticəsində mülki insanlar və hərbçilərimiz həlak oldu, həmçinin ordumuz tərəfindən düşmənə layiqli cavab verilərək yerində oturduldu. Azərbaycan Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı İlham Əliyev bildirdi ki, "Ermənistan sülh istəmir. Ermənistan işğal edilmiş torpaqlardan çəkilmək istəmir və bütün səyləri ona yönəldib ki, status-kvonu maksimum saxlaya bilsin. Onlar istəyirlər ki, bu, sonu olmayan prosesə çevrilsin. İstəyirlər ki, danışıqlar bundan sonra da iyirmi il davam etsin".
Aprelin 2-dən 6-dək davam edən Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatları ölkəmizə hərbi-strateji nöqteyi-nəzərdən çox böyük üstünlüklər verdi. İlk növbədə Azərbaycan çox böyük psixoloji qələbə qazandı. Azərbaycan ordusu Qarabağın şimal və cənub hissələrində çox böyük strateji əhəmiyyətə malik yüksəklikləri azad etdilər. Ağdərə, Füzuli, Cəbrayıl istiqamələrində əlverişli mövqelər artıq Silahlı Qüvvələrimizin nəzarəti altındadır. Bununla da, Azərbaycan öz torpaqlarını azad etmək bacarığını, potensialını, döyüş əzmini nümayiş etdirdi. Nəticədə, 4 günlük döyüşlərin beynəlxalq əks-sədası da dərhal eşidilməyə başlandı. Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlaması bir daha bütün dünyaya xatırladıldı. Cənubi Qafqazda Azərbaycan ordusunun qüdrəti dünyanın aparıcı güc mərkəzlərini də hərəkətə gətirdi. Ölkəmiz artıq danışıqlar masasında qalib tərəf statusunda əyləşib.
Hərbi əməliyyatların ardından beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər tərəfindən bəyanatlar verildi. Xüsusilə, bu prosesdə Rusiya daha aktiv rol oynamağa başladı. Səmərəsiz fəaliyyəti ilə daha doğrusu fəaliyyətsizliyi seçilən ATƏT-in Minsk Qrupuna bundan sonra da etimad göstərmək nə dərəcədə düzgün olar?
Aprelin 5-dən Ermənistan-Azərbaycan cəbhə xəttində hərbi əməliyyatların səngiməsi diplomatik səylərin önə plana çəkilməsi ilə müşahidə olundu. Dərhal ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər etdilər. Bunun ardınca isə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun və baş nazir Dmitri Medvedyevin regiona ardıcıl səfərləri baş verdi. Münaqişənin qısa müddətə yenidən başlanması və sülh yolu həllinə dair təşəbbüslərin artması həm Rusiyaya, həm də Qərbə yaranmış situasiyada öz təkliflərini irəli sürmək üçün siyasi zəmin yaratdı. ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ probleminin yeganə həlli yolunun Ermənistanın Azərbaycan ərazilərindən öz qoşunlarını çıxartmaq olduğunu bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı ölkəmizin problemin sülh yolu ilə, siyasi yollarla öz həllini tapmasını bir daha bəyan etdi: "Bu gün də biz bəyan edirik ki, danışıqlar prosesinə sadiqik. Ümid edirik ki, bu danışıqlar məsələnin həllinə gətirib çıxaracaq. Məsələnin həlli çox sadədir - erməni silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalıdır, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar, ondan sonra regionda sülh və təhlükəsizlik yarana bilər. O ki qaldı xalqların öz müqəddəratını təyin etməsi prinsipinə, bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və Helsinki Yekun Aktında məhz bu ifadələr öz əksini tapır. Bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır".
Ümumiyyətlə, Azərbaycan dövləti beynəlxalq təşkilatların, xüsusilə də münaqişəni dinc vasitələrlə nizama salmaq üçün fəaliyyət göstərən ATƏT-in sülhyaratma təkliflərinə hörmətlə yanaşaraq onun işində müntəzəm və əməli şəkildə iştirak edir. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanın Prezidenti İlham Əliyev keçən dövr ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə 90-dan çox görüş keçirmiş və bu da münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda Azərbaycanın ilk növbədə sülh variantına üstünlük verdiyinə sübutdur. Buna baxmayaraq, yarandığı vaxtdan etibarən ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməyib. Buna səbəb bir tərəfdən Ermənistan Respublikasının qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətini davam etdirməsi, digər tərəfdən beynəlxalq təşkilatların, qarşılıqlı güzəşt prinsipini üstün tutmasıdır. Bununla yanaşı, keçən dövr ərzində ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupa həmsədrlik edən ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər münaqişənin ədalətli həll olunmasında məsuliyyət daşımayıblar və təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmayıblar. Bundan əlavə, münaqişədə Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, işğal etdiyi ərazilərdən çıxmasını tələb etmədən və qəbul edilən sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Eyni zamanda, təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirib.
İşğalçı Ermənistan "Dağlıq Qarabağ Qondarma rejimi"ni münaqişədə tərəf kimi göstərməyə çalışır. Bu barədə nə deyə bilərsiniz?
İndiyə kimi cəzasız qalan Ermənistan ərazi ələ keçirmək məqsədilə başladığı təcavüz üçün daşıdığı məsuliyyətdən qaçmağa can atır, Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə dünyaya və Azərbaycana qəbul etdirməyə çalışır. Ancaq hazırda Dağlıq Qarabağda 1992-ci ilə kimi orada yaşamış erməni yoxdur. Orada cinayətkar rejim, ordu və onların ailələri, bir də Suriya və digər ölkələrdən oraya köçürülmüş imkansız ermənilər var. Onların da ümumi sayı 30-35 min nəfər ola, ya da olmaya. Yəni, Dağlıq Qarabağda 100-150 min erməninin yaşaması mifdir, çünki həlak olanların içərisində Dağlıq Qarabağ ermənisi yoxdur. Son hadisələr bunu bir daha təsdiqlədi. Ermənistan Müdafiə Nazirliyinin verdiyi məlumatda həlak olanlar siyahısında niyə Dağlıq Qarabağın bir sakini də yoxdur!?
Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında bizim ərazi bütövlüyümüzü dəstəkləməyən yalnız Ermənistan olduğunu diqqətə çatdıraraq, Azərbaycanın öz torpaqlarının işğalı ilə barışmayacağını bir daha bəyan etdi: "Azərbaycan öz torpaqlarını müdafiə edir, bizim başqa dövlətin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verəsi deyilik. Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın". Ona görə də böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, BMT Nizamnaməsinin VII fəslinə müvafiq surətdə, qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.
Tofiq Abdulla
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB