YAP GB ofisində tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin Baş ofisində hakim partiyanın Gənclər Birliyinin və Azərbaycan MMA Liqasının birgə təşkilatçılığı ilə "Gənc vətənpərvərlərin döyüş ruhunun yüksəldilməsi naminə" adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir gənclərdə döyüş ruhunun artırılması, onlarda vətənpərvərlik hisslərinin yüksəldilməsi məqsədini daşıyıb.

Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün ölkə başçısı, cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişaf yolu keçən, Azərbaycan dövlətinin aparıcı siyasi qüvvəsi Yeni Azərbaycan Partiyasının əsasını təşkil edən gənclərin Vətəninə, torpağına bağlı və Ali Baş Komandanın əmri ilə hər an döyüşə hazır olduğunu bildirib.

Çıxış edən MMA Liqasının prezidenti Kənan Məmmədov tədbirin baş tutmasında göstərdikləri dəstəyə görə YAP GB rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, ölkə gəncliyinin böyük bir hissəsinin birləşdiyi YAP GB ilə əməkdaşlıqlarını bundan sonra da davam etdirəcəklər.

Daha sonra çıxış edən YAP GB sədrinin müavini Əli Pənahov vətənpərvər Azərbaycan gəncliyinin Ali Baş Komandanın döyüş əmrinə hər an hazır dayandığını, lazım gələrsə öz canlarından keçməyə belə qadir olduğunu söyləyib.

Liqa döyüşçülərinin yarışlarda qazandığı uğurları əks etdirən videoçarx iştirakçılara təqdim olunub.

Tədbir diskussiyalarla davam etdirilib

Bütün xəbərlər Facebook səhifəmizdə