Millət vəkili: "Ermənistan bərk sillə alana qədər danışıqlara razı deyildi" AÇIQLAMA

"ATƏT-in Minsk qrupunun həmsədrləri bütün fəaliyyətləri boyu Azərbaycanın başının altına yastıq qoyublar ki, sülhün alternativi yoxdur, atəşkəs pozula bilməz. Azərbaycan da lap əvvəldən sülh yolunun tərəfdarıdır. Ancaq sülh yolu ilə münaqişənin həlli Ermənistanın işğalçı ordusunun Azərbaycan torpaqlarından çıxarılması, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtmasıdır. Bunun başqa həlli yoxdur". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

O qeyd edib ki, 25 ildən çoxdur nə beynəlxalq təşkilatlar, nə də Ermənistan havadarları işğalçıları Azərbaycan ərazilərindən çıxarmırlar: "Ona görə məcbur olduq ki, Ermənistanın növbəti təxribatına cavab verək. Cavab isə çox yüksək səviyyədə oldu. Azərbaycan irəliləyərək, çox əhəmiyyətli bir neçə strateji yüksəklikləri və yaşayış məntəqələrini düşməndən azad etdi, orada möhkəmləndi".

Deputat cəbhədə baş verən hadisələrdən sonra həmsədrlərin əl-əyağa düşdüklərini bildirib: "Həmsədrlər dərhal regiona səfər etdilər, danışıqlar aparmağa başladılar. Onların irəli sürdüyü təkliflərdə - yenilənmiş Madrid prinsiplərində mərhələli həll variantı nəzərdə tutulur. Təklifə görə, Dağlıq Qarabağ ətrafındakı rayonlar işğaldan azad olunmalı, məcburi köçkünlər öz yurd-yuvasına qayıtmalı və bundan sonra Azərbaycanın tərkibində Dağlıq Qarabağın statusuna baxılmalıdır. Azərbaycan da buna razılaşmışdı. Ancaq Ermənistan tərəfi təkliflərə razı olmamışdı. Ermənistan bərk sillə, zərbə alana qədər də danışıqlara razı deyildi. Cəbhədə aldıqları zərbədən sonra neçə gündür hərbi cani Serj Sarkisyan kompromislərə hazır olduğunu bəyan edir. Münqişənin sülh yolu ilə həll variantı isə yalnız işğalçıların Azərbaycan torpaqlarından çıxması ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə