Qarabağ həqiqətləri Vyetnam mətbuatında FOTOLAR

Azərbaycanın Vyetnamdakı Səfirliyi tərəfindən qoşunların təmas xəttində yaranmış gərginlik ilə əlaqədar olaraq mətbuat konfransı keçirilib. Azərbaycanın Vyetnamdakı Səfirliyindən SİA-ya verilən məlumata görə, mətbuat konfransında Vyetnamın üç televiziya kanalının, o cümlədən aparıcı dövlət televiziyasının, bir sıra çap və elektron media nümayəndələri iştirak edib.

Mətbuat konfransı zamanı səfir A. İmanov, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə jurnalistlərə məlumat verib. Səfir 2-5 aprel tarixlərində Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə mülki əhalini və mülki obyektləri hədəfə aldığını, Azərbaycan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca mövqelərini ağır silahlardan intensiv atəşə tutulması nəticəsində bir neçə mülki şəxsin həlak olduğunu və yaralandığını, eləcə də mülki obyektlərin dağıldığını bildirib.

Səfir hazırda atəşkəsin bərpa olunduğunu, bununla belə Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu, münaqişənin beynəlxalq hüquqa əsasən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həllinin vacibliyini diqqətə çatdırıb.

Səfir A. İmanov, Vyetamın mətbuat nümayəndələrini münaqişə ilə bağlı məlumatları işıqlandırarkən diqqətli olmağa çağırıb, xəbər və məqalələrdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qeyd olunmasının və Vyetnam ictimaiyyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri barədə doğru məlumatların çatdırılmasının vacibliyini vurğulayıb.

Konfrans zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini və mülki obyektlərini hədəfə aldığını əks etdirən video və fotolar nümayiş etdirilib. Daha sonra jurnalistlərin suallarını cavablandıran səfir A. İmanov, münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyi barədə məlumat verib.

Qeyd olunmalıdır ki, mətbuat konfransının nəticəsi olaraq Vyetnam Dövlət Televiziyası, "Nhan Danh" Televiziyası, Hanoy Televiziyasında, eləcə də çap və elektron mediada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə yayımlanmış reportaj və xəbərlərdə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti, münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyi barədə məlumatlar Vyetnam ictimaiyyətinə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə