Ombudsman AŞPA-nın həmməruzəçisi Stefan Şennakı qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ölkəmizə faktaraşdırıcı səfər edən Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennakı qəbul edib. Bu barədə SİA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Elmira Süleymanova görüşdə nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası və onun müxtəlif qurumları ilə əməkdaşlıq etdiyini, insan hüquqları sahəsində işgüzar əlaqələrə daim önəm verdiyini vurğulayıb. Qonaq səfərin məqsədi və fəaliyyət istiqamətləri haqqında məlumat verib.

Müvəkkil Ermənistanın 1988-ci ildən başladığı təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisinin, eləcə də yeddi ətraf rayonun işğal edildiyini, ölkəmizin 20 faiz ərazisinin zəbt olunduğunu, bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, onların hüquqlarının kütləvi şəkildə kobudcasına pozulduğunu bildirib.

Son günlər cəbhə bölgəsində baş verən hadisələr, təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən mülki azərbaycanlı əhalisinin, o cümlədən uşaqların və qadınların ağır artilleriyadan və iriçaplı silahlardan atəşə tutularaq öldürülməsi və ağır yaralanması, erməni hərbçiləri tərəfindən mülki və sosial obyektlərin atəşə tutulması və dağıdılması barədə qonaqlara ətraflı məlumat verilib. Ermənilər tərəfindən Azərbaycanın mülki əhalisini atəşə tutulması faktının beynəlxalq sənədlərə, o cümlədən müvafiq Cenevrə konvensiyalarına zidd olması, beynəlxalq qurumların nəticəsiz fəaliyyətinin və hərəkətsizliyinin cəzasızlıq mühiti yaratdığı və münaqişənin həllinə yardımçı olmadığı diqqətə çatdırıb.

Ombudsman AŞPA-nın sədri Pedro Aqramuntun, Almaniya Bundestaqının, həmçinin Rusiya Dumasının deputatlarının cəbhə bölgəsindəki son hadisələrlə əlaqədar və bütün erməni silahlı qüvvələrinin Azərbaycanın zəbt olunmuş ərazilərindən çıxarılması ilə bağlı bəyanatlarını vurğulamış, AŞPA-nı Azərbaycanın haqq işinə dəstək verməyə çağırıb.

Görüşdə Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin icrası, "Avropa Şurası Azərbaycan Fəaliyyət Planı"nın həyata keçirilməsində Ombudsmanın iştirakı, onun Avropa Şurasının Azərbaycan nümayəndəliyi ilə əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verilib.

Müvəkkil qonağı maraqlandıran sualları cavablandıraraq insan hüquqları sahəsində çoxşaxəli fəaliyyəti, Milli Məclisdə illik məruzəsinin dinlənildiyi, Ombudsmanın işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) qismində fəaliyyəti, bu istiqamətdə görülmüş işlər, Milli Preventiv Qrupun (MPQ) saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, penitensiar müəssisələrə, müvəqqəti saxlama yerləri və istintaq təcridxanalarına, habelə sosial obyektlərə, ahıllar və əlilliyi olan şəxslər üçün internat evləri və pansionatlara, psixiatriya xəstəxanalarına keçirilmiş başçəkmələr və görülmüş işlər haqqında danışıb. Fəaliyyəti dövründə Ombudsmanın vəsatətləri üzrə ümumilikdə 518 məhkumun, o cümlədən qadınların, yeniyetmələrin, ahılların əfv edilərək azadlığa buraxıldığı, sonuncu əfv sərəncamının müsbət nəticələri, habelə Müvəkkilin azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların tətbiqi ilə əlaqədar təkliflər verdiyi diqqətə çatdırılıb.

Fikir mübadiləsi şəraitində davam edən görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Sonda Müvəkkil qonaqlara müraciət edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistan silahlı qüvvələrinin işğal olmuş Azərbaycan torpaqlarından çıxarılması, Azərbaycanın BMT və dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünün bərpa edilməsi, qaçqınların və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması, uzun illərdən bəri pozulmuş hüquqlarının bərpası və təmini, sülh şəraitində birgə yaşayışın bərpa edilməsi məqsədilə Avropa Şurası Parlament Assambleyasında dinləmələrin keçirilməsini və bu istiqamətdə konkret tədbirlərin görülməsini təklif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...