“Yaxın günlərdə danışıqların əsas mövzusu bir neçə rayonun qaytarılması olacaq” AÇIQLAMA

"Azərbaycan ordusunun çox önəmli strateji əhəmiyyətə malik bir neçə yüksəkliyi ələ keçirməsi və bir neçə yaşayış məntəqələrini düşməndən azad etməsi düşmən ölkənin vətəndaşlarının Ermənistan ordusuna olan inamını alt - üst etdi. İndi, psixoloji üstünlük Azərbaycanın lehinədir". Bu fikirləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, üç günlük müharibə ilə rəsmi Bakı, Sarkisyan başda olmaqla bütün erməni ictimaiyyətinə ordumuzun qüdrətini göstərdi: "ATƏT-in Minsk Qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyət mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olması faktını son günlərdə cəbhədə baş verən hadisələrlə gördülər. Bu, onlar və Ermənistan üçün bir dərs oldu. Beynəlxalq hüququn prinsipləri və BMT nizamnaməsinə uyğun olaraq münaqişənin həlli ilə əlaqədar bütün beynəlxalq təşkilatlar və ATƏT- in həmsədr dövlətləri Ermənistana real olaraq təzyiq göstərməlidirlər. Əks halda rəsmi Bakı öz hüquqlarından istifadə edərək hərb yolu ilə problemi həll edəcək. Ermənistanın məqsədi status-kvonu saxlamaqla münaqişənin həllinə maneə yaratmaqdan ibarətdir. Biz artıq 22 ildir ki, bunun şahidiyik. Fikrimcə, bu həftə Bakıda, İrəvanda və Moskvada baş tutacaq danışıqların arxasında bir neçə rayonun Azərbaycana qaytarılması məsələsi dayanır".

Politoloq qeyd edib ki, münaqişənin həllində əsas rol Rusiyaya məxsusdur: "Rusiya da yaxşı anlayır ki, Qarabağda müharibə başlayarsa, bu Rusiyanı türk və müsəlman dövlətləri ilə üz -üzə gətirəcək. Rusiyanın daxilində də kifayət qədər müsəlman və türk xalqları yaşayır. Türkiyənin və Pakistanın da hərbi dəstəyini unutmaq olmaz. Belə olan təqdirdə, Rusiyanın Ermənistanın hərbi müttəfiqi kimi Azərbaycana qarşı vuruşması şimal qonşumuz üçün fəlakət olar".

Bütün xəbərlər Facebook səhifəmizdə