Deputat: “Düşmənin ordusu ordumuzun qarşısında acizdir" AÇIQLAMA

Deputat: “Düşmənin ordusu ordumuzun qarşısında acizdir" AÇIQLAMA

"Ermənistan tərəfi kiminlə üz-üzə qaldığını artıq başa düşməlidir. Aprelin 2 də Azərbaycan ordusu tərəfindən təxribata verilən cavab bir neçə məqamı üzə çıxardı". Bunu SİA-ya açıqlamasında millət vəkili Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə, cəbhədə baş verənlərlə bir daha sübut olundu ki, Azərbaycan tərəfi öz torpaqlarını işğaldan azad etmək iqtidarındadır və Ermənistan tərəfinin bütün təxribatları Sarkisyan hakimiyyətinin möhkəmlənməsinə xidmət məqsədi daşıyır: "Düşmən tərəfi cəbhədə təxribat törətməklə xalqın fikrini yayındırmağa və ölkədəki ictimai siyasi gərginliyi zəiflətməyə çalışdı. Lakin bu məqsədlərə nail ola bilmədi. Azərbaycan ordusu öz gücünü nümayiş etdirdi və bütün dünyaya bəyan etdi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək imkanlarına malikdir. Sadəcə olaraq Azərbaycan bu məsələni beynəlxalq hüquq normalarına uyğun olaraq həll etmək istəyir. Ermənistan tərəfi yalan məlumatlar yaymaqla heç nəyə təsir edə bilmir. Artıq dünya ölkələri erməni hərbi qüvvələrinin Azərbaycan hərbi qüvvələri qarşısında aciz və misgin vəziyyətə düşdüyünü görür".

F. İbrahimli vurğulayıb ki, bu, Azərbaycanın haqq işidir və bu işdə ölkəmizə dəstək olanlar çoxdur: "Baş verənlər Ermənistanda deyil, onlar tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində gedir. Ermənilər bizim torpaqlarda təxribat törədirlər. Azərbaycan tərəfi hələ ki, bu təxribata cavab verməklə kifayətlənir. Azərbaycan tərəfi birtərəfli qaydada atəşkəs rejiminə əməl etməklə bağlı qərar qəbul etdi. Lakin orada şərtlər irəli sürdü ki, əgər erməni tərəfi təxribat törədərsə, Azərbaycan cavab verəcək. Ölkəmiz bununla bütün dünyaya bir daha sübut etdi ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə