Elşad Mirbəşiroğlu: “Ermənilərin cəbhədəki təxribatı bumeranq effekti verdi” MÜNASİBƏT

Elşad Mirbəşiroğlu: “Ermənilərin cəbhədəki təxribatı bumeranq effekti verdi” MÜNASİBƏT

"Ermənilərin sonuncu təxribatına Azərbaycan tərəfinin bu səviyyədə sərt cavab verməsi və erməni silahlı qüvvələrini ciddi məğlubiyyətə uğratması həm ayrı-ayrı beynəlxalq instansiyalar, həm də Ermənistanın özü üçün "soyuq duş" effekti verdi". Bunu SİA-ya politoloq Elşad Mirbəşiroğlu cəbhədə baş verən hadisələrə münasibət bildirərkən deyib.

Politoloq bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyan təşvişini gizlədə bilmirdi və hətta BMT TŞ-nin toplantısının çağrılmasını istədiyini bildirib: "Ermənilər aydın dərk edirlər ki, Azərbaycanın hərbi potensialı Ermənistanınkından müqayisə olunmayacaq dərəcədə güclüdür. Qısa zaman kəsiyində Azərbaycan Ordusunun təxribatı həyata keçirən erməni silahlılarını darmadağın etməsi Ermənistanı və beynəlxalq ictimaiyyəti ciddi düşünməyə vadar edəcək. Çünki, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, nəticəsiz danışıqların sonadək davam etdirilməsini istəmir və əgər Ermənistan könüllü şəkildə işğal etdiyi torpaqları azad etməsə, onda bu torpaqlar hərbi yolla azad ediləcək".

Elşad Mirbəşiroğlunun fikrincə, cəbhədəki son baş verənlər həm Ermənistana, həm də beynəlxalq instansiyalara, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə dəqiqliklə göstərdi ki, bu, sadəcə hərbi ritorika deyil: "Azərbaycanın istənilən vaxt öz torpaqlarını hərbi yolla işğalçı Ermənistandan geri alması üçün həm hərbi potensialı, həm də iradəsi var. Hesab edirəm ki, Ermənistan və müvafiq beynəlxalq instansiyalar cəbhə xəttində baş verənlərdən ciddi nəticə çıxaracaq. Ümumiyyətlə isə ermənilərin cəbhədəki təxribatı bumeranq effekti verdi. İşğalçı Ermənistanının həm hərbi, həm siyasi cəhətdən mövqeləri ciddi şəkildə sarsıldı. Azərbaycanın isə, mövqeləri əhəmiyyətli dərəcədə möhkəmləndi. Bundan sonrakı danışıqlarda Azərbaycan daha inamlı və ciddi mövqedən çıxış edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə