IV Nüvə Təhlükəsizliyi Sammitindən FOTOLAR

ABŞ Prezidenti Barak Obama zirvə görüşünün "Nüvə təhlükəsizliyini gücləndirmək üçün milli fəaliyyətlər" mövzusunda açılış sessiyasında çıxış edib.SİA xəbər verir ki, ilk sammitin altı il bundan əvvəl Vaşinqtonda keçirildiyini xatırladan Barak Obama həmin vaxtdan dünyada nüvə təhlükəsizliyinin təmin olunması sahəsində bir çox işlərin görüldüyünü diqqətə çatdırdı.

ABŞ Prezidenti dövlətlərin dünyanın nüvə materiallarının qorunması istiqamətində konkret addımlar atılmasını üzərilərinə öhdəlik götürdüklərini bildirdi. Prezident Barak Obama ötən dövrdə nüvə təhlükəsizliyi məsələsi ilə bağlı yeni düşüncə tərzinin formalaşdığını və fəaliyyətlərin qəbul edildiyini dedi. Bildirdi ki, bu, XXI əsrin heç bir ölkənin təkbaşına öhdəsindən gələ bilmədiyi təhlükəsizlik çağırışlarına qarşı birgə mübarizənin gözəl nümunəsidir.

ABŞ Prezidenti nüvə təhlükəsizliyinin ən yüksək prioritet olduğunu, bununla bağlı dövlətlərin öz üzərilərinə 250 öhdəlik götürdüyünü və indiyədək bu öhdəliklərin dörddə üçünün yerinə yetirildiyini diqqətə çatdırdı. O, nüvə materiallarının qaçaqmalçılığının qarşısının alınması üçün hazırda daha çox ölkənin əməkdaşlıq qurduğunu, yüzdən artıq dövlətin "Nüvə materialının fiziki mühafizəsi haqqında" Konvensiyanı ratifikasiya etdiyini bildirdi.

Niderland Krallığının Baş naziri Mark Rütte çıxışında 2010-cu ildə ABŞ Prezidenti Barak Obamanın irəli sürdüyü təşəbbüsün nüvə təhlükəsinə qarşı müdafiənin gücləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi. Baş nazir 2014-cü ildə Haaqada keçirilən Sammitdən sonra nüvə təhlükəsizliyi sahəsində bir sıra irəliləyişlərin olduğunu söylədi. Nüvə təhlükəsizliyinin təmin olunmasının bəşəriyyətin gələcəyi üçün bizim üzərimizə yüksək öhdəlik qoyduğunu deyən Mark Rütte bu sahədə dövlətlər arasında daha sıx əməkdaşlığın əhəmiyyətini vurğuladı.

Sonra dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...