Əflatun Amaşov problemləri dinləyib FOTOLAR

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov martın 31-də təmsil etdiyi 62 saylı Saatlı seçki dairəsinin seçiciləri ilə görüşüb. Deputat görüşdən öncə 31 mart Dünya Azərbaycanlılarının Soyqırımı Günü münasibəti ilə Saatlı rayonunun şəhidlər xiyabanında düzənlənmiş mərasimdə iştirak edib. SİA-nın xəbərinə görə, mərasimi giriş sözü ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov açaraq Azərbaycan xalqına qarşı tarixin müxtəlif dövrlərində soyqırımı siyasətinin həyata keçirildiyini bildirib, konkret faktlar üzərində dayanıb. O, tarixi faciələrimizə layiqli hüquqi qiymətin Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini vurğulayıb. S.Cabbarov Prezident İlham Əliyevin Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması istiqamətində mühüm addımlar atdığını da bildirib.

Ə.Amaşov çıxışında ermənilərin ötən əsrin əvvəllərində Bakıda törətdikləri qırğınların Cənubi Qafqazda müsəlman-türk varlığına son qoymağa hesablandığını diqqətə çatdırıb. Bu siyasətin təzahür formalarının sonrakı mərhələlərdə də nəzərə çarpdığını deyən deputat tarixdə yaşananlardan nəticə çıxarmağın vacibliyini əsaslandırıb. Bu baxımdan soyqırımla bağlı təbliğat işlərinin gücləndirilməsi, həmçinin miqyasının daha da genişləndirilməsi zərurətini ön plana çəkib.

İctimai Yayım Şurasının sədri, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Cahangir Məmmədli çıxışında gənc nəslin mənəvi tərbiyəsi baxımından tarixi yaddaşımızla bağlı tədbirlərin təşkilinin əhəmiyyətindən söz açıb.

Seçicilərlə Saatlı rayon Gənclər Mərkəzində keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı S.Cabbarov, icra hakimiyyəti aparatının məsul işçiləri, rayonda fəaliyyət göstərən dövlət qurumlarının rəhbər şəxsləri də iştirak ediblər.

Görüş Qarabağ müharibəsi veteranlarının və şəhid ailələrinin nümayəndələrinin dinlənilməsi ilə başlayıb. Qarabağ müharibəsi veteranlarının bir çoxunun müraciətində onlarla birgə döyüşmüş həmyerlilələrinin müharibə veteranı statusu ala bilmədikləri qabardılıb. Ə.Amaşov bu istiqamətdəki fəaliyyətin kompleks aparılmasının vacibliyini bildirərək təklif edib ki, belə şəxslərin say tərkibi dəqiqləşdirilsin, ayrıca siyahısı tutulsun. O, problemin həllini vacibliyini bildirib və qarşıdakı müddətdə bununla bağlı addımların atılacağını, əlaqədar strukturlar qarşısında məsələ qaldırılacağını vurğulayıb. Görüşdə bu kateqoriyadan olan bəzi vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, eləcə də müayinə və müalicəsinin təşkili istiqamətində də konkret tapşırıqlar verilib.

Görüşdə həmçinin ayrı-ayrı vətəndaşların üzləşdikləri problemlər öyrənilib, çətinliklərin aradan qaldırılması yolları ətrafında müzakirələr aparılıb. Xüsusən kiçik və orta sahibkarlığın inkişafına, rayonda və kəndlərdə kənd təsərrüfatıtın inkişafına dair təkliflər qruplaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə