Azay Quliyev: "Bu addım dünyaya bir mesaj idi”

Azay Quliyev: "Bu addım dünyaya bir mesaj idi”

"Azərbaycan hər zaman həmişə terrorla bağlı mübarizə aparan ölkələr sırasında olub. Türkiyənin ən çətin anlarında Azərbaycan Prezidentinin qardaş ölkəyə səfəri bunu bir daha sübut etdi". Bunu SİA-ya millət vəkili Azay Quliyev deyib.

Millət vəkili bildirib ki, ölkə başçımızın bu addımı qardaş ölkəyə böyük jest idi: "1 ay müddətində Ankarada iki böyük terror aktının törədilməsi nəticəsində Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının təxirə düşməsi üzücü hal idi. Sanki terror Türkiyə prezidentinin Azərbaycana gəlməsini əngəlləyirdi. Dövlət başçısı doğru qərar qəbul edərək Bakıda keçirilməsi nəzərdə tutulan toplantının Ankarada keçirilməsi təklifi ilə çıxış etdi. Azərbaycan Prezidenti humanizm göstərərək qardaş ölkənin yanında olmaq, dost ölkənin düşdüyü çətin vəziyyətdə onu müdafiə etmək, terror hadisəsi nəticəsində həlak olanların ruhunu şad etmək və yararlılara dəstək olmaq üçün Ankaraya getdi. Bu addım, həm də dünyaya bir mesaj idi".

A. Quliyev qeyd edib ki, terror kimi ümumbəşəri bəla ilə mübarizədə Azərbaycan Türkiyə ilə çiyin-çiyinədir: "Azərbaycan Prezidenti bu addımı atmaqla bir daha dünyaya nümayiş etdirdi ki, ölkəmizin terrorla bağlı mübarizədə mövqeyi birmənalı, barışmaz və qətiyyətlidir. Bu səfər həm Azərbaycan Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olması, həm də terrorla birgə mübarizə aparması baxımından tarixi addım idi. Bu həm Türkiyə, həm də Azərbaycan ictimaiyyəti və mediasında yüksək dəyərləndirildi və təqdirəlayiq hal hesab olundu".

Bütün xəbərlər Facebook səhifəmizdə