YAP Qadınlar Şurasının üzvləri Müalicə Pansionatında olublar SƏS TV

YAP Qadınlar Şurasının üzvləri Müalicə Pansionatında olublar SƏS TV

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının üzvləri Novruz Bayramı münasibətilə Şaqan qəsəbəsində yerləşən Müharibə Əlilləri üçün Müalicə Pansionatında olublar. SİA-nın məlumatına görə, görüşdə çıxış edən YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva pansionatda müalicə olan insanları qarşıdan gələn bayram münasibətilə təbrik edib. Nurlana Əliyeva bildirib ki, Azərbaycan Respublikasınıın Prezident İlham Əliyev ehtiyacı olan şəxslərə daim xüsusi diqqət və qayğı ilə yanaşır: "Onların rahat yaşaması, ehtiyaclarının ödənilməsi hər zaman dövlətin diqqət mərkəzindədir. Bu gün burada pansionatla tanış olarkən də bir daha şahid olduq ki, pansionatın sakinləri üçün lazım olan bütün imkanlar və şərait yaradılıb. Şübhə yoxdur ki, bundan sonra da bu cür davam edəcək. Bu, bizim hökumətimizin və partiyamızın həyata keçirdiyi siyasətin humanizmindən, insanpərvərliyindən, insanlara qayğısından xəbər verir".

Nurlana Əliyeva diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyası mütəmadi olaraq əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşlər keçirir, onların problemləri ilə yaxından tanış olurlar: "Düşünürəm ki, belə görüşlərimiz bundan sonra da davam edəcək".

Pansionatın direktoru, YAP Xəzər rayon təşkilatı Qadınlar şurasının sədri Pərvanə Hacıyeva çıxış edərək göstərilən diqqətə və qayğıya görə Ölkə Prezidentinə minnətdarlığını bildirib. O qeyd edib ki, pansionatın sakinləri hər cür şəraitlə təmin olunmaqla yanaşı, dövlətin bütün sosial proqramlarından istifadə edə bilirlər. Pərvanə Hacıyeva əlavə edib ki, müəssisədə il ərzində 4 minə yaxın fiziki qüsurlu şəxs müalicə olunur.

Daha sonra pansionat sakinlərinə Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının bayram sovqatı təqdim olunub.

Görüş konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə