Politoloq: “Forum Azərbaycanın beynəlxalq nüfuzunu artıracaq” MÜNASİBƏT

Politoloq: “Forum Azərbaycanın beynəlxalq nüfuzunu artıracaq” MÜNASİBƏT

"Bu il Bakıda IV Qlobal Forumun keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti daha böyükdür". Bunu SİA-ya siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədov ölkəmizdə IV Qlobal Bakı Forumunun keçirilməsinə münasibət bildirərkən deyib.

Politoloq bildirib ki, bu, son bir ildə Qərbdə Azərbaycanla bağlı siyasi və iqtisadi problemlər yaratmağa çalışan qüvvələr üçün yaxşı bir mesaj oldu: "Dünya arenasında bəzi ölkələrdəki zülm başqa ölkələrin zülmü ilə yatırıldığı, müasir beynəlxalq qurumların isə qapalı dairənin içində ilişib qaldığı bir dövrdə məhz Azərbaycanda belə bir forumun keçirilməsi olduqca müsbət addımdır. İqtisadi müstəvidə Davos Forumu, təhlükəsizlik müstəvisində Münhen Konfransı dünya üçün nə qədər əhəmiyyətə malikdirsə, Qlobal Bakı Forumu da beynəlxalq münasibətlər sistemində mövcud olan ən aktual problemlərin müzakirəsi baxımından eyni əhəmiyyətə malikdir. Bakıda dünyanın tanınmış siyasətçilərinin iştirakı Foruma verilən yüksək qiymətin nəticəsidir. Çoxsaylı dövlət və hökumət başçılarının foruma qatılması, eləcə də dünyanın aparıcı media qurumlarının forumun işini işıqlandırması Qlobal Bakı Forumunun nə qədər önəmli olduğunu sübut etdi. Azərbaycan bu Forumla həm dünyanın siyasi mərkəzinə çevrildi, həm də ölkənin təbliğatı ilə məşğul olmağı bacardı".

Onun sözlərinə görə, Forumda çıxış edən prezident İlham Əliyev bir daha bəyan etdi ki, "Azərbaycanın ərazi bütövlüyü təmin olunmayana qədər, yəni, BMT-nin Təhlükəsizlik Şurasının bu münaqişəyə dair çıxardığı qətnamələr öz həllini tapmayana qədər regionda istədiyimiz sülhə nail ola bilməyəcəyik". Əlbəttə ki, Prezidentin bildirdiyi kimi regionda sülhə nail olmaq istəyiriksə, ilk olaraq Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı və bir milyon qaçqın və məcburi köçkün öz tarixi torpaqlarına qaytarılmalıdır".

Zaur Məmmədov qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun IV Qlobal Bakı Forumunda çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunun bu Forumun gündəliyinə salınmaması barədə iradı tamamilə haqlıdır: "Novruz Məmmədov haqlı olaraq bildirdi ki, ölkəmizə qarşı belə ikili yanaşma artıq onilliklərlə mövcuddur. "Əgər bu munaqişəyə belə etinasız yanaşma olmasaydı, elə o dövrdən Avropa və Qərb beynəlxalq hüququ, ədalətli yanaşmanı ortaya qoysaydı, bu münaqişə həll olunsaydı, bəlkə bu gün dünyadakı münaqişələrin çoxu olmazdı".

Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan Respublikasının bir daha bu formatda tədbirlərin keçirilməsi üçün ideal yer olduğunu göstərdiyini deyən Zaur Məmmədov hər il Bakıda keçirilən Qlobal Forumun regionun digər dövlətlərində deyil, məhz ölkəmizdə keçirilməsinin Azərbaycanın regional və beynəlxalq nüfuzunun artmasına gətirib çıxaracağını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə