Prezidentin etirazı Milli Məclisdə qəbul olundu

Prezidentin etirazı Milli Məclisdə qəbul olundu

Parlament Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2016-cı il yanvarın 19-da qəbul olunmuş "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 104-VQD nömrəli Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazı barədə qərar qəbul edib. SİA-nın xəbərinə görə, bu haqda bu gün keçirilən plenar iclasda məlumat verilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sözügedən qanun layihəsi öncə etirazı qəbul olunmuş qanun layihəsi ilə bağlıdır. O qeyd edib ki, bu qanun layihəsinə də Prezident tərəfindən edilən etiraz haqlıdır.

Milli Məclis Prezidentin "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 104-VQD nömrəli Qanununun məqsədəuyğun olmaması haqqında təklifini qəbul edib.

Qeyd edək ki, qərarda bildirilir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 110-cu maddəsinin I hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sözügedən qanunu imzalamadan 2016-ci ilin fevralın 15-də Milli Məclisə geri qaytarıb.

Milli Məclisin sədri Prezidentin qaytardığı "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunu parlamentin Daxili nizamnanməsinin 21-ci maddəsinin II hissəsinə uyğun olara, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəyinə göndərib. Komitə 2016-ci ilin fevralın 17-də keçirdiyi iclasda bu məsələyə baxaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunun məqsədəuyğun olmaması barədə dövlət başçısının təklifinin qəbul edilməsini Milli Məclisə təklif edib.

Yuxarıda şərh edilənlərə əsaslanaraq və Milli Məclisin Daxili nizamnanməsinin 21-ci maddəsinin II hissəsini rəhbər tutaraq, parlament Prezidentin "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 104-VQD nömrəli Qanununun məqsədəuyğun olmaması haqqında təklifini qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə